Milli Musiqi Günü münasibətilə “Canlı xatirə” adlı konsert
19.9.2017

Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü və Milli Musiqi Günü münasibətilə “Canlı xatirə” adlı konsert proqramı təqdim olunub.

Tədbir “ASAN Könüllüləri” təşkilatı, BMM, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilib.

Konsertdən əvvəl çıxış edən “ASAN Könüllüləri” təşkilatının sədri Bəxtiyar İslamov Milli Musiqi Gününün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, 18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün ölkəmizdə silsilə tədbirlər keçirilir.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Nərminə Quliyeva ümummilli lider Heydər Əliyevin mədəniyyətə, incəsənətə daim böyük önəm verdiyini xatırladıb, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

Dahi bəstəkar, alim, yazıçı, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin zəngin yaradıcılığından, Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafında əvəzsiz xidmətlərindən bəhs edən professor N.Quliyeva böyük sənətkarın Şərqdə ilk operanın banisi olduğunu diqqətə çatdırıb.

Əməkdar Artist Ülviyyə Hacıbəyli dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərlərinin əhəmiyyətindən danışıb.

Sonra “ASAN könüllüləri”nin, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında dahi bəstəkarlar Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası” “Sevgili canan”, Tofiq Quliyevin “Bəxtəvər oldum” və digər əsərlər ifa olunub.

azertag.az