Azərbaycanda uşaqlara vurulan peyvəndlərin sayı artırılacaq.
Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycanın peyvənd proqramını həyata keçirməsi istiqamətindəki fəaliyyəti uzun illərdir Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olunur: “Azərbaycanda peyvəndləmə işi 98 faiz həyata keçirilir. Bu ildən peyvəndlərin sayı 10-a çatdırılacaq. Bu da ÜST tərəfindən qəbul olunmuş haldır. Hazırda Azərbaycanda 6-7 növ infeksiyaya qarşı peyvəndləmə həyata keçirilir”.
Nazir müavini peyvəndlərin keyfiyyətinin aşağı olması ilə bağlı əhali arasında olan narahatlığa da münasibət bildirib: “Ola bilsin ki, Hindistandan gətirilən peyvəndlərlə bağlı müəyyən narahatlıq olsun. Amma biləsiniz ki, bu peyvəndlər ÜST-ün qəbul etdiyi istehsalçıların peyvəndləridir. Yəni, ÜST-ün qəbul etmədiyi istehsalçılardan peyvəndlər Azərbaycana daxil olmur. Səhiyyə Nazirliyinin özü də müəyyən peyvəndlər alır, eyni zamanda, müxtəlif fondlar, o cümlədən Rastropoviç-Vişnevskaya Fondu tərəfindən peyvəndləmə işləri həyata keçirilir”.
APA