“Bakutel” sərgisində 20 ölkənin 200-dən çox şirkəti iştirak edəcək
19.9.2017

5-8 dekabr tarixlərində Bakı şəhərində 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2017” Sərgi-Konfransı keçiriləcək və beləliklə, “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək.

“Bakutel 2017” sərgisi Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Şirkətdən verilən məlumata görə, bu il “Bakutel” sərgisində dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri, eləcə də teleradio yayım şirkətləri yer alır. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil İT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.

Tədbir iştirakçılarının 40%-ni “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Yeni şirkətlər arasında isə “Hikvision”, “Nokia Networks” və digər şirkətlər yer alır.

“Bakutel 2017” sərgisində bir sıra ölkələrin milli stendləri də təqdim olunur. Bu ölkələrin tədbirdə iştirakı Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır.

Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin “Bakutel 2017” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər təşkil olunacaq. Bu tədbirlər çərçivəsində sərgi iştirakçıları və peşəkar ziyarətçilər ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir.

Bu gün “Bakutel” çox qısa vaxt ərzində sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş sərgi olmaqla yanaşı, həm də İKT sahəsinin müxtəlif sahələrini təmsil edən mütəxəssis və peşəkarların görüşü, eləcə də məlumatları mübadilə və emal etmək məqsədilə səmərəli vasitələr seçə bilən son istifadəçilər üçün unikal platformadır.

trend.az