Sentyabrın 20-də Çinin Qansu əyalətinin Dunxuan şəhərində II İpək yolu Beynəlxalq Mədəniyyət Sərgisinin açılışı olub.
Sərgi Çinin “Jenmin Jibao” qəzeti tərəfindən təşkil edilən “Bir kəmər, bir yol” Media Əməkdaşlığı Forumu çərçivəsində keçirilir. Əlli bir ölkə və 3 beynəlxalq təşkilatın təmsil olunduğu sərgidə 124 nümayəndə iştirak edir.
Çinin mədəniyyət naziri Luo Şuqan sərginin məqsədinin xalqların mədəniyyət sahəsində nailiyyətlərinin nümayiş olunması, müzakirələrin aparılması, əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib. O, İpək yolu ənənələrinə sadiq qalaraq “Bir kəmər, bir yol” təşəbbüsünün mədəniyyət, iqtisadiyyat, turizm sahələrində əlaqələrin genişləndirilməsinə, bu marşrut üzərindəki ölkələrin birgə inkişafına, onların mədəni inteqrasiyasına yönləndiyini vurğulayıb.
Sərgidə İpək yolu ölkələrinin incəsənət nümayəndələrinin əsərləri, qədim tarixi eksponatlar, həmçinin iştirakçı dövlətlərin sənaye məhsulları nümayiş etdirilir.
azertag.az