Səfir: "Azərbaycanda yapon dilinə maraq artır"
20.9.2017

"Avropa ilə Asiyanı birləşdirən Azərbaycan Yaponiya üçün vacib ölkədir".
Bunu Bakı Dövlət Universitetində (BDU) yapon dilinin tədqiqatçıları üçün hazırlanmış 4 auditoriyanın açılışında Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.
"İldən ilə bizim Azərbaycanla münasibətlərimiz inkişaf edir və dərinləşir. Əməkdaşlığımız çoxtərəflidir və son zamanlar biz Azərbaycanla münasibətlərimizdə qeyri-neft sektorunun inkişafına üstünlük veririk", - T.Katori bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yapon dilinə maraq daima artır: "Buna misal olaraq yapon dilinin tədrisinin nəinki universitetlərdə, həm də orta məktəblərdə də təşkil edilməsini göstərmək olar".
Öz növbəsində, çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, dörd auditoriyanın əsaslı təmiri və yapon dilinin öyrənilməsi üçün lazımi avadanlıqla təchiz edilməsi yüksək səviyyəli linqvistlərin hazırlanmasına kömək edəcək.
A.Məhərrəmov hazırda BDU-nun 15 tələbəsi və magistrinin Yaponiyada müxtəlif tədqiqatlar apardığını qeyd edib.

report.az