Beynəlxalq Müəllimlər Gününə həsr olunan müsabiqə keçirilir
20.9.2017

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Müəllimlərə arzularım" adlı müsabiqəyə start verilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et!" devizi ilə keçirilən müsabiqə ilk təcrübə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 165 nömrəli tam orta məktəbin şagirdləri arasında təşkil olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin ifadə formalarını inkişaf etdirmək, məktəblilərin müəllimlərə olan arzularının foto, rəsm, inşa, esse, açıqca, məktub və digər müvafiq formalarda çatdırılmasını təmin etməkdən ibarətdir.

Şagirdlər işlərini sentyabrın 30-dək məktəbdə yaradılan komissiyaya təqdim etməlidirlər.

Müsabiqənin nəticələri oktyabrın 5-də açıqlanacaq və qaliblər mükafatlandırılacaq.

trend.az