“ABAD”çı ailələrin məhsulları “Bravo” supermarketlər şəbəkəsində
21.9.2017

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının məhsulları “Bravo” supermarketlər şəbəkəsində satışa çıxarılıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, “ABAD”çı ailələrin məhsullarını “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Bravo” supermarketində və Xaqani 26/32 ünvanında (keçmiş “Tahir 97” mağazası) fəaliyyət göstərən “Bravo ekspress”dən əldə etmək mümkündür.

Təqdim olunan cem və mürəbbə məhsulları Masallı və Balakən rayonundan olan “ABAD”çı ailə təsərrüfatları tərəfindən hazırlanıb. Məhsullar “ABAD” tərəfindən ailələr üçün yaradılmış brend adı və dizayn altında təqdim olunur.

İlkin mərhələdə satışa çıxarılmış mürəbbə brendləri aşağıdakılardır:

“Balməkan”, “Dənə-dənə” , “Yay səbəti” , “Bağımızın bəhrəsi”, “Budaqdan”, “Bal kimi”, “Meyvə bağı”.

Qarşıdakı müddətdə “ABAD”çı ailə təsərrüfatları tərəfindən təqdim olunan məhsulların çeşidinin genişləndirilməsi nəzərdə tutulur. Belə ki, “Kəndli”, “Bizim nemət” brendləri altında kolbasa, “Şərəfə”, “Hənifə” brendləri altında pendir məhsulları satışa çıxarılacaq.

“ABAD”çı ailələrin hazırladığı məhsullar tam təbiidir və tərkibində heç bir kimyəvi qatqı yoxdur. Bu məhsullar ailə təsərrüfatlarına “ABAD” tərəfindən təqdim olunmuş avadanlıqlardan istifadə etməklə hazırlanıb. Hər bir məhsul müvafiq qaydada yoxlamadan keçərək, uyğunluq və gigiyena sertifikatları alıb.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb.

Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir.

“ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir.

“ABAD” pilot layihə olaraq, Masallı və Balakən rayonlarında fəaliyyət göstərir.

trend