Ən yaxşı filmlər Bakıda seçiləcək
26.11.2012

28-30 noyabr tarixlərində Azərbaycanda VIII START Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı keçiriləcək. Festivalın münsiflər heyətində Avropanın tanınmış festivallarında mükafat almış şəxslər yer alacaq.

START Tələbə və Gənclərin Beynəlxalq Film Festivalı bu il əvvəlki illərdən fərqli bir görünüşdə olacaq. Belə ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə festivalı daha geniş miqyasda keçirəcəyik. Bu ilki festivalda Avropa və Asiyadan olan 25-ə qədər ölkənin iştirakı gözlənilir.

START Qafqaz regionunda ən böyük qısa film festivalıdır. Bu festivala əvvəlki illərdə hətta Kann Film Festivalının qısametraj proqramında iştirak etmiş filmlər də qatılıb. Almaniya, Fransa, İspaniya, Portuqaliya, Polşa və s. Avropa ölkələrindən hər il bu festivala filmlər göndərilib. Bu il festivalda təkcə gənc kinematoqrafçılar üçün yox, orta yaşlı kinematoqrafçılar üçün də maraqlı proqram gözlənilir.

Festivalda daha bir yenilik azərbaycanlı müəlliflər filmlərinin səviyyəsini nəzərə alıb “Yerli filmlər” müsabiqə proqramıdır. Bu proqramda filmlər 3 nəfərdən ibarət yerli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Beynəlxalq müsabiqədə isə filmləri 5 nəfərdən ibarət beynəlxalq jüri heyəti nominasiyalara uyğun mükafatlandıracaq.

Qeyd edək ki, Festivalda tələbələr və yaşı 35-ə qədər olan gənc rejissorlar iştirak edə bilər. Müəlliflərin ekran əsərləri “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı cizgi filmi”, “Ən yaxşı eksperimental film” və “Ən yaxşı film" Qran Pri uğrunda yarışacaq.

Festival Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

ANS PRESS