Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi Kamran Nəzirli bu günlərdə Belarus şəhəri Poloçkda "Sözün diplomatiyası" Beynəlxalq "dəyirmi masa"da çıxış edib, Belarus Yazı Günü münasibətilə təşkil olunan bayram tədbirlərinə qatılıb. Yazıçı səfər təəssüratlarını bölüşüb.
K.Nəzirli deyib: "Dəyirmi masa"da və bayram tədbirlərində mənimlə bərabər Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova da iştirak edirdi. Dünyada ilk dəfə miniatür kitablar muzeyini yaradan və muzeyi Ginnesin rekordlar kitabına salınan bir azərbaycanlı qadın kimi Zərifə xanımın fəal iştirakı və çıxışı tədbirə qatılan müxtəlif ölkələrin nümayəndələri, yazıçı və şairləri tərəfindən heyrətlə qarşılandı. Düzü, mən Azərbaycan nümayəndələrinə belə bir xüsusi diqqəti gözləmirdim.
"Dəyirmi masa"da mənim də çıxışım maraqla qarşılandı, yerli mətbuat orqanları, televiziya və radiolar bizdən müsahibə götürdülər. Tədbirin sonunda mənə Belarus informasiya naziri xanım Liliya Ananiçin imzasıyla xüsusi təşəkkür məktubu təqdim edildi. Bundan başqa məni Belarus Yazıçılar İttifaqına üzv qəbul etdilər.
Qeyd edim ki, Belarusda kitaba, ədəbiyyata böyük önəm verilir. 1994-cü ildən bəri hər il ənənəvi olaraq Belarus Yazı Günü keçirilir. Bayram tədbirləri çərçivəsində beynəlxalq ədəbiyyat konfransları, kitabla, ədəbiyyatla bağlı “dəyirmi masa”lar keçirilir. Bu, böyük milli bayramdır. İnsanlar bu bayrama xüsusi hazırlaşırlar. Belə tədbirlərdə dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş tanınmış alimlər, ictimai xadimlər, yazıçılar və şairlər də iştirak edirlər. Şəxsən mənim üçün bu tədbir xüsusi özəllikləri ilə yadda qaldı. Məni tədbirə Belarus informasiya naziri dəvət eləmişdi.
Belarusda olduğum bir neçə gün ərzində bir sıra görüşlərim də oldu. Belə ki, Belarus informasiya nazirinin müavini, ədəbiyyatımızın və mədəniyyətimizin yaxın dostu Ales Karlyukeviçlə Azərbaycan-Belarus ədəbi əlaqələrinin bundan sonrakı inkişafı üçün perspektiv planlarımızdan danışdıq. Belarus Yazıçılar Birliyinin sədri, Rusiya Yazıçılar İttifaqının həmsədri, çoxcəhətli ictimai fəaliyyəti ilə Ginnesin rekordlar kitabına düşmüş Nikolay Çerqineçlə xüsusi görüşüm oldu, ona Azərbaycan dilinə tərcümə etdiyim müəllifi olduğu "Oğullar" kitabını təqdim etdim. Bundan başqa Belarus Dövlət Uşaq Nəşrlər Evinin direktoru, "Vyaselika" və "Busya" uşaq jurnallarının baş redaktoru, tanınmış yazıçı Vladimir Lipski ilə (xüsusi qeyd edim ki, Belarusda uşaq ədəbiyyatına çox diqqət və önəm verilir, uşaqların oxu mədəniyyətinin formalaşması qayğısına uşaq bağçalarından başlayırlar), Belarusun tanınmış tənqidçi alimi, professor İvan Çarota ilə də görüşdüm. Qeyd edim ki, İvan Çarota həm də Belarus Yazıçılar Birliyində tərcümə və beynəlxalq əlaqələr şöbəsinə rəhbərlik edir. MDB üzrə Ədəbiyyat Portalının redaktoru Anatoli Matviyenko ilə, Rusiyadan gəlmiş "Roman qazeta"nın baş redaktoru Yuri Kozlovla, çeçenistanlı şair, yazıçı, tərcüməçi dostum Adam Axmatukayevlə, Litvanın tanınmış naşiri və yazıçısı Yaronimas Lauçyusla, Moldova-Belarus Cəmiyyətinin sədri, moldovalı şair Yuri İvanovla, fransalı tərcüməçi və alim Jan Qaranyonla, Almaniyadan gəlmiş tərcüməçi, alim Franz Blumla, ukraynalı alim, sosioloq Qleb Kudryaşovla və digər ölkələrin nümayəndələri ilə də həm ikitərəfli, həm də çoxtərəfli ədəbi əməkdaşlıq sahəsində söhbətlərim oldu.
Bilirsiniz, belə bayramın bir özəlliyi də budur ki, burada müxtəlif ədəbiyyatlar, müxtəlif mədəniyyətlər birləşirlər, həmrəylik nümayiş etdirirlər, əməkdaşlıq və dostluq üçün addımlar atırlar. Belarus xalqı öz keçmişinə, dilinə, mənəvi və maddi sərvətlərinə çox böyük ehtiramla yanaşır. Elə Şərqi Avropada ilk kitab nəşrinin əsasını qoymuş belaruslu Françisk Skorinanın 1155-ci ildönümünü də eyni zamanda, qeyd edən bir ölkənin bayram təntənələrinin mərkəzi şəhəri kimi məhz Poloçku seçməsi təsadüfi deyildi, axı Skorina bu şəhərdə anadan olub.
Ədəbiyyatların dostluğu həm də mədəniyyətləri, xalqları bir-birinə yaxınlaşdırır. Son iki ildə Azərbaycan ədəbi orqanlarında Belarus yazıçı və şairlərinin əsərləri çap olunub, eləcə də Azərbaycan yazıçı və şairlərinin əsərləri Belarus mətbuatında işıq üzü görür. Artıq bizim ədəbiyyat nümayəndələrimizi əsərlərindən tanımağa başlayıblar. Nəinki Belarusda, MDB-də və Şərqi və Qərbi Avropa ölkələrindəki ədəbi çevrələr də Azərbaycanın klassik və müasir ədəbiyyatı ilə maraqlanırlar. Belə bir dövrdə, internetin kitabı üstələdiyi bir zamanda bu, çox sevindirici haldır. Bir görüşüm də oldu, daha unudulmaz idi: uzun illər Belarusda yaşayan həmyerlimizlə - dünya şöhrətli rəssam, heykəltəraş Kamil Kamalla görüşdən və onun boya ilə çəkdiyi orijinal əsərlərindən aldığım təəssüratı unuda bilmirəm...
azertag.az