"SOCAR Polymer" layihəsi üzrə işlər qrafikə uyğun irəliləyir
22.9.2017

Sumqayıt Kimya Sənaye Parkının ərazisində həyata keçirilən "SOCAR Polymer" layihəsi üzrə işlər qrafikə uyğun və planlaşdırılan büdcə çərçivəsində irəliləyir.
Bunu “SOCAR-Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov bildirib: “Hazırda polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək qurğuların inşası aktiv şəkildə həyata keçirilir. Polipropilen Zavodunun inşaat işlərinin, təxminən, 70%-i həyata keçirilib. Bu zavod üzrə işlərin ümumi icra vəziyyəti 90%-ə çatıb”.
Onun sözlərinə görə, Yüksək Sıxlıqlı Polietilen Zavodu üzrə işlərin icra vəziyyəti 70%-dir, tikinti işləri isə 45%-ə çatıb.
O qeyd edib ki, gələn il həm yüksək sıxlıqlı polietilen, həm də polipropilen qurğuları istifadəyə veriləcək.
“SOCAR Polymer” rəsmisi inşaat ərazisindəki işçi sayından da danışaraq bildirib ki, hazırda 3 min işçi çalışır: “Bu, pik həddir. Yerli kadrlara önəm verilir. İşçi qüvvəsinin 90%-i yerli işçi qüvvəsi, mütəxəsislərdir".
"SOCAR Polymer"in iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. İstehsal ediləcək məhsulların 30%-i yerli bazara, 70%-i isə xarici bazara çıxarılacaq. "Əsas bazarlardan biri Türkiyədir. Türkiyə bazarı dinamik inkişaf edir. Burada polimer məhsullarına tələbat çoxdur. Türkiyədə SOCAR-ın aktivinin olması da bizə daha əlverişli satış həyata keçirməyə imkan verəcək”, - deyə F.Əhmədov əlavə edib.

report.az