Əfsanəvi türk aktrisası Türkan Şoray Bakıdadır
26.11.2012

Türk kinosunun canlı əfsanəsi Türkan Şoray şəhərimizin qonağıdır.
Aktrisa noyabrın 26-dan 30-dək Bakıda gənclərin II Respublika Toplantısına qatılacaq.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq toplantı çərçivəsində Bakıya gələn aktrisa Türkan Şoray noyabrın 25-də paytaxta təşrif buyurub. Elə həmin güm Fəxri Xiyabana gedərək, Ulu öndər Heydər Əliyev və onun mərhum həyat yoldaşı görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Türkan Şoray jurnalistlərə müsahibəsində, Azərbaycana gəlməyi çox istədiyini, dəvəti məmnuniyyətlə qəbul etdiyini, Bakıda olduğu müddətdə Türkiyədə də çox sevilən və dünyanın ən mühüm liderlərindən biri olan Heydər Əliyevin məzarını ziyarət etmək istədiyini deyib.

T.Şoray bu gün toplantının rəsmi açılışında iştirak edəcək.

Həmin gün aktrisanın iştirakı ilə kino sənəti sahəsində ustad dərsləri təşkil olunacaq. Dərslər zamanı gənclərlə görüşəcək T.Şoray onlara aktyorluq sənətinin sirrlərini və özünün professional biliklərini paylaşacaq.

Ustad dərslərindən əlavə, Türkan Şorayın yeni filminin nümayişi və müəllifi olduğu kitabın təqdimat mərasiminin keçirilməsi də nəzərdə tutulub.


Gün.Az