Azərbaycanda ilk dəfə 650 qr-lıq yeni doğulmuş körpəni yaşatmaq mümkün oldu
25.9.2017

23 həftəlik, 650 qr çəki ilə yeni doğulmuş körpənin həyatda saxlanılması Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirildi.

Universitetdən verilən məlumata görə, 19.06.2015-ci il tarixində 23 həftəlik hamiləliklə körpəsini itirmə təhlükəsi ilə üzləşmiş hamilə qadın ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Aparılan müayinələr zamanı dölyanı mayenin tam axdığı aşkar edilib. Bundan çıxış yolu isə ancaq hamiləliyin sona çatdırılması idi. Klinikanın həkim mama-ginekoloqu Nigar Abbasova və həkim-neonatoloqu Səadət Yaqubovanın apardığı müayinələr nəticəsində dölün həyat fəaliyyətinin davam etdiyi aşkar edilib və süni doğuş aparılıb.

Həkimin sözlərinə görə, yeni doğulmuş körpənin çəkisi 650 qr, ümumi vəziyyəti kritik idi. Dərin morfofunksional çatışmazlıq fonunda uşaqda tənəffüs pozğunluğu əlaməti ön planda idi. Respirator distress sindromu müşahidə olunurdu.

Neonatologiya şöbəsinin müdiri S.Yaqubovanın rəhbərliyi ilə aparılan reanimasiya tədbirləri nəticəsində körpə artıq 33 gündür yaşayır. Vəziyyəti bu müddət ərzində bir neçə dəfə kəskin pisləşsə də, hazırda qənaətbəxşdir. İndi Yusifin çəkisi 1020 qr-ı keçib.

trend.az