“Xınayaxdı gecəsi” filminin təqdimatı keçirilib
25.9.2017

Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyevanın "Xınayaxdı gecəsi" filminin təqdimatı keçirilib.
Filmin rejissoru Nail Naiboğlu, ssenari müəllifi Nazilə Səfərlidir. Azərbaycan adət-ənənələrinin əks etdirildiyi film təkcə ölkəmizdə deyil, xaricdə də nümayiş olunacaq. Ekran əsərində F.Hacıyeva milli musiqi əsərlərimizi ingilis dilində ifa edir. N.Səfərli isə “Arşın mal alan” operettasından “Gözəlim, yar gözəlim” mahnısını səsləndirib. İyirmi dəqiqəlik film adət-ənənələrimizi dolğun əks etdirir.
F.Hacıyeva deyib ki, xınayaxdı mərasimi analoqu olmayan bir ənənədir: “Hər bir detalı filmdə göstərməyə çalışdıq. Dünyanın bir çox məşhur müğənniləri naxışlarımızdan istifadə edirlər. Həmin naxışların, xonçaların xalqımıza məxsus olduğunu göstərməyə çalışdıq. Biz adət-ənənələrimizin təbliğini davam etdirəcəyik”.

report.az