Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 18 məzun SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) peşə fəaliyyətinə başlayıblar.
BANM-dən verilən məlumata görə, yeni işçilərin təqdimatı ilə əlaqədar olaraq “Azneft” İB-də tədbir keçirilib.
Tədbirdə SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak ediblər.
SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov BANM-in ilk məzunlarını uğurlu karyeralarının başlanması münasibətilə təbrik edib onlara gələcək həyatlarında və peşə fəaliyyətlərində uğurlar arzulayıb: “BANM-in məzunları böyük potensiala və imkanlara malikdir. Onlar savadlı, müstəsna, yeni biliklərə maraq göstərən, iddialı gənclərdi. Əminəm ki, “Azneft” İstehsalat Birliyinin rəhbərliyi və kollektivi bu potensialı inkişaf etdirərək bugünkü gənc mühəndisləri gələcəkdə yüksək ixtisaslı mütəxəssislər kimi yetişdirəcəkdir”.
SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov şirkətin qarşıdakı illərdə həyata keçirəcəyi layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu vurğulayıb. O, SOCAR-ın gələcək layihələrində yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu bildirərək, BANM-in məzunlarına göstərilən etimadı doğruldacaqlarından əminliyini ifadə edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azneft” İB-də çalışan 18 məzunu təbrik edərək onlara biliklərini daim artırmağı, özlərini inkişaf etdirməyi tövsiyə edib: “Mən fəxr edirəm ki, Ali Məktəbimizin əksər məzunları universiteti bitirərkən dərhal işlə təmin olunublar. Bu da onların nə qədər intellektual və təcrübəli olduqlarını sübut edir. Sizin nailiyyətləriniz BANM-in gələcək məzunları üçün geniş karyera imkanları yaradır”. O, həmçinin hazırkı tələbələrin gələcəkdə potensial, perspektiv vəd edən kadrlar hesab etdiyini bildirib.
Elmar Qasımov qeyd edib ki, BANM-in ilk məzunların sirasında 30 nəfər PETKİM və STAR zavodlarında işə qəbul olunublar. 7 nəfər isə BP şirkətində çalışır. Digər məzunlar da transmilli şirkətlərdə - Maire Technimont Group, Halliburton və digər şirkətlərdə işlə təmin olunublar.
“Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov öz çıxışında bildirib ki, Bakı Ali Neft Məktəbi çox böyük nüfuza malik olan ali təhsil müəssisələrindən biridir: “Ali Məktəbin tələbələri rəhbərlik etdiyim şirkətdə təcrübə keçərkən özlərini fəal və aktiv göstəriblər. Bizim üçün çox sevindirici haldır ki, BANM-in ilk məzunları məhz “Azneft” İstehsalat Birliyində çalışacaqlar”.
O, mühəndis peşəsində təcrübənin çox böyük önəm daşıdığını bildirib. D.İskəndərov məzunların öyrəndikləri nəzəriyyəni tətbiq etmək üçün təcrübədən düzgün istifadə edərək biliklərini daha da inkişaf etdirəcəklərinə əminliyini ifadə edib.
Daha sonra “Azneft” İB-nin Kadrlar şöbəsinin rəisi Pərviz Əhmədov və Neft və qaz yataqlarının işlənməsi şöbəsinin mühəndisi Fərid Abadlı neft sənayesi, istehsalat, gənc kadrların hədəflərindən və gənclərin “Azneft” İB-dəki rolundan bəhs ediblər.
Hazırda İstehsalat Birliyində çalışan BANM-in məzunlardan Aytəkin Qasımova və Roman Rəhimli SOCAR-ın rəhbərliyinə, “Azneft” İB-nə, Bakı Ali Neft Məktəbinə və sevimli müəllimlərə minnətdarlıq duyğularını çatdıraraq, BANM-nin məzunları adını hər zaman fəxrlə tanıdacaqlarını qeyd edib.
Sonra “Azneft” İB-nin gənc mühəndislərinə İstehsalat Birliyinin vəsiqələri təqdim olunub.
report.az