Azərbaycan Dövlət Xor Kapellası ilə Tbilisi Festival Xorunun birgə konserti olub
26.9.2017

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Azərbaycanın və Gürcüstanın xor kollektivləri çıxış ediblər.

Konsert sentyabrın 18-dən 26-dək Bakıda keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib.

Azərbaycan Dövlət Xor Kapellasının rəhbəri, Xalq Artisti, professor Gülbacı İmanova Bakıda keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının Azərbaycan musiqisinin təqdimatı nöqteyi-nəzərindən əhəmiyyətindən, gürcü həmkarlarla birgə konsertdən söhbət açaraq deyib: “Biz Tbilisi xoru ilə ilk dəfə işləmirik. Ötən il də birgə konsertimiz olub. Bu il Gürcüstandan 3 xor kollektivi gəlib. Kollektivlərimizin həm ayrı, həm də birgə çıxışları nəzərdə tutulub”.

Gürcüstanın xor kollektivinin bədii rəhbəri, Gürcüstan Xor Cəmiyyətinin sədri, professor Liana Çonişvili isə müsahibəsində deyib: “Əlbəttə, biz şadıq ki, yaradıcı əməkdaşlığımız davam edir. Biz artıq çoxdan dostlaşmışıq. Ötən il Azərbaycanın xor kapellası direktoru olduğum Qori festivalında çıxış edib. Onda Azərbaycan xorunun səslənməsi bizdə güclü təəssürat oyatmışdı və çox böyük zövq almışdıq”.

O qeyd edib ki, iki həftə sonra Qoridə növbəti festival keçiriləcək. Xaricdən qonaq qismində yalnız Azərbaycan Dövlət Xor Kapellası dəvət edilib.

“Mədəni əlaqələrimizin davam edərək dərinləşməsi böyük uğurdur. Bizi bu konsertdə iştirak etməyə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi dəvət edib və biz ona çox minnətdarıq”, - deyə L.Çonişvili fikrini tamamlayıb.

Konsertdə Azərbaycan və gürcü müəlliflərinin, dünya klassiklərinin əsərləri, habelə iki xalqın xalq musiqisi səslənib.

Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festival çərçivəsində paytaxtın müxtəlif məkanlarında tanınmış xarici və yerli musiqiçilərin iştirakı ilə konsertlər keçirilir. Festival dahi Azərbaycan bəstəkarı, klassik Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunub. Sentyabrın 18-də - bəstəkarın doğum günündə Azərbaycanda Milli Musiqi Günü qeyd edilir.

azertag.az