Minskdə Zərifə Salahovanın nəşr etdirdiyi kitabın təqdimatı olub
26.9.2017

Minskdə Fransisk Skorinanın “Yudifin kitabı”nın bu il Bakıda nəşr olunmuş miniatür versiyasının təqdimatı keçirilib.

Belarus Respublikasının “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin (BİB) mətbuat xidmətindən bildiriblər ki, təqdimatda nəşrin təşəbbüskarı – Bakıdakı Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi, Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova, mətnlərin müəllifləri – Belarus Milli Kitabxanası direktorunun müavini Ales Suşa və kitabxananın şöbə müdiri Qalina Kireyeva, habelə Belarus İnformasiya Nazirliyinin, Azərbaycanın bu ölkədəki səfirliyinin nümayəndələri iştirak ediblər.

Kitab Belarus Milli Kitabxanasının, “Azərbaycan İcmaları Konqresi” BİB-in bilavasitə iştirakı və Konqresin sədri Natiq Bağırovun şəxsi sponsorluğu sayəsində “Fransisk Skorinanın kitab irsi” seriyasında “Indigo print house” nəşriyyatında işıq üzü görüb. Mətnləri Belarus, rus və ingilis dillərində olan 217 miniatür səhifə sözün həqiqi mənasında ovuca yerləşir. Kitabın son səhifələrində F.Skorinanın 1519-cu ildə Praqada nəşr etdirdiyi “Yudifin kitabı”nın dəqiq faksimile surəti yer alıb. F.Skorinanın ən məşhur əsərlərdən birinin qeyri-adi nəşri Bakıdakı Miniatür Kitab Muzeyinin belaruslu çapçının 500 illiyinə hədiyyəsidir.

“Yudifin kitabı” Bibliyanın Əhdi-Ətiq bölməsində israilli dul qadının öz şəhərini assuriyalıların hücumundan xilas etməsini təsvir edən əhvalatdır.

azertag.az