Bakıda tıxaca görə yol genişlənir
26.11.2012

Xırdalan dairəsindən "Şamaxinka" adlanan əraziyə qədər olan hissədə hər səhər saatlarla davam edən tıxaclar olur.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlamasında bildirdi ki, həmin istiqamətdə maşın sıxlığını nəzərə alaraq şimaldan Bakıya giriş yolunda genişləndirmə işlərinə başlanılıb.

Onun sözlərinə görə, Bakı şəhərinə daxil olan və eyni zamanda şəhəri tərk edən nəqliyyat vasitələrinin sayını və intensivliyini nəzərə alaraq, paytaxt ətrafında tıxac probleminin qarşısını almaq məqsədi ilə işlər həyata keçirilir.

Qurum rəsmisi qeyd etdi ki, işlər "20 Yanvar" metrosu dairəsi yaxınlığında, “Şamaxinka” adlandırılan ərazidən Bakı Beynəlxalq Avtovağzalı istiqamətində ümumi uzunluğu 134 m məsafədə, tunelin üst hissəsində aparılır: “Yolun genişlənməsi ilə bərabər avtomobillərin dönmə əməliyyatı sxemi də dəyişdiriləcək. Qubadan gələn avtomobillər tunelin sonunda dönmə aparırdı. Yenilənmədən sonra bu istiqamət də dəyişəcək”.

P.Mürsəliyev əlavə etdi ki, genişlənmə zamanı yolun bir hərəkət zolağı artırılacaq: “Yəqin ki, bu genişlənmədən sonra həmin istiqamətdə tıxac problemi aradan qalxacaq. Alınmasa, başqa variantlar üzərində düşünməyə dəyər”.

Milli.Az