Azərbaycan multikulturalizmi fənni İsveç və Yaponiya universitetlərində tədris olunacaq
26.9.2017

Azərbaycan multikulturalizmi fənni daha iki nüfuzlu xarici ölkə universitetində tədris olunacaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) verilən məlumata görə, "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi çərçivəsində respublikamızın 42, dünyanın 15 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir.

Bu ilin oktyabr ayından başlayaraq bu sıraya daha iki xarici ölkənin nüfuzlu universiteti də əlavə olunur. Bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabr ayından dekabrın sonunadək davam edəcək “Azərbaycan multikulturalizmi” fənnini Malmö Universitetinin Mədəniyyət və Cəmiyyət fakultəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.

İkinci universitet isə Yaponiyanın Hokkaydo Universitetidir. “Azərbaycan multikulturalizmi” fənnini Hokkaydo Universitetinin nəzdində fəaliyyət göstərən Slavyan Avrasiya Tədqiqatları Mərkəzində konfliktologiya elmləri üzrə fəlsəfə doktoru Əlibəy Məmmədovun tədris edəcəyi planlaşdırılır.

Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya Universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır. Artıq fənnin tədrisində müəyyən müsbət təcrübə əldə olunub.

trend.az