Dünya Turizm Günündə muzeylərə giriş ödənişsiz olacaq
27.9.2017

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 27 sentyabr - Dünya Turizm Günü ənənəvi olaraq ölkəmizdə də müxtəlif tədbirlərlə qeyd olunur.

Sentyabrın 27-də mətbuat nümayəndələri üçün brifinq, həmçinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və nazirliyin Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə konsert proqramı təqdim olunacaq.

Nazirlikdən bildirilib ki, Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən, əlamətdar tarix Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib. Dünya Turizm Günü və ölkəmizin turizm işçilərinin peşə bayramı münasibətilə bu il də çeşidli tədbirlər nəzərdə tutulub.

Bununla yanaşı, sentyabrın 27-də Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan bütün tarix və mədəniyyət abidələrinə, muzeylərə giriş ödənişsiz olacaq. Bu fürsətdən ölkə vətəndaşları ilə yanaşı, xarici turistlər də istifadə edə bilərlər.

Bildirilib ki, Azərbaycan Respublikası 2001-ci ildən Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) üzvüdür. BMT Baş Məclisinin 70-ci sessiyası 2017-ci ili “Beynəlxalq davamlı turizm ili” elan edib.

Hazırda Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına Azərbaycan sədrlik edir.

azertag.az