Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvləri Amerika Birləşmiş Ştatlarının Nyu Yorkda keçirilən “Concordia” Sammitində iştirak edib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, NGBM-nin dəstəyi ilə baş tutan sammitdə Mərkəzin İdarə Heyətinin üzvləri - Bolqarıstanın sabiq prezidentləri - Rosen Plevneliyev və Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Rumıniyanın keçmiş dövlət başçısı Emil Konstantinesku, Finlandiyanın eks-prezidenti Tarya Halonen, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo, Ərəb Liqasının keçmiş Baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, həmçinin Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko və xanımı iştirak edib.
Sammit çərçivəsində Mərkəzinin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirib və “Apeal of Conscience” Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi tədbir çərcivəsində Maltanın Baş naziri Jozef Muskat, Beynəlxalq Valyuta Fondunun direktoru Kristian Lagarde, Dünya Bankının Baş direktoru Kristalina Qeorqiyeva, CNN telekanalının aparıcısı, jurnalist və siyasi şərhçi Farid Zakariya, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, dünyanın ən böyük transmilli korporasiyalarından sayılan “BlackStone”nun rəhbəri və başqaları ilə görüşlər keçirib. Görüşlərdə mərkəzin fəaliyyəti, əməkdaşlıq imkanları, 2018-cı ildə keçiriləcək VI Qlobal Bakı Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hər il sentyabr ayında Nyu-York şəhərində keçirilən “Concordia” Sammitinin məqsədi dünyanın nüfuzlu iş adamları, siyasətçiləri, dövlət və hökumət başçıları, qeyri-hökumət təşkilatlarının liderləri arasında səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına şərait yaratmaqdır.
report.az