“Qarabağ”ın futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə İtaliya “Roma”sı ilə keçirəcəyi görüş üçün onlayn bilet sifariş verənlərdən 52 min nəfəri vauçerlərini biletlərlə dəyişdirib.
Bilet satışının təşkilatçısı “iTicket” şirkətindən verilən məlumata görə, proses artıq başa çatmaq üzrədir. Şirkət nümayəndəsi biletləri çatdırılma yolu ilə sifariş verib hələ də əldə edə bilməyənlərin üzləşdiyi problemin həllini tapacağını bildirib. O, çatdırılma üsulu ilə 3 minə yaxın biletin sifariş olunduğunu açıqlayıb: "Onlardan 2600-ü artıq sahiblərinə təhvil verilib. Bu işlə TNT şirkəti məşğul olur. Digər sifarişlər də yerinə yetiriləcək. Bileti çatdırılmayan və ya vauçeri dəyişdirə bilməyənlərin problemi oyun günü Bakı Olimpiya Stadionunda həll olunacaq. Bunu açıqlamağı lazım bilmirdik. Çünki azarkeşlərin buna arxayın olub, stadionda sıxlıq yaratmalarını istəmirdik. Bileti olan hər kəs tribunadakı yerini alacaq”.
“Qarabağ” klubu isə bəzi satış məntəqələrində vauçerlərin biletlə dəyişdirilməsi zamanı yaranan sıxlığa aydınlıq gətirib. Mətbuat xidmətindən bildirilib ki, azarkeşlərin vauçeri dəyişdirmək üçün 8 gün vaxtı olub və klub bu işi mümkün qədər tez etməklə bağlı onlara müraciət edib: “Vauçerlərin biletlərlə dəyişdirilməsinə sentyabrın 18-də start verilib. Azarkeşlər 8 gün müddətində müxtəlif ünvanlardan biletləri əldə edə bilərdilər. Biz də sonradan sıxlıq yaranmasın deyə, vauçerləri mümkün qədər tez dəyişməklə bağlı azarkeşlərə dəfələrlə müraciət etmişik. Buna baxmayaraq, bu işi son ana saxlayanlar var. Düzdür, sıxlıqla bağlı bizə hansısa şikayət daxil olmayıb. Lakin Bakının mərkəzlərində olan məntəqələrdə sıxlığın yaranması normaldır. Digər yerlərdə ciddi sıxlıq yoxdur. Yaxşı olardı ki, vauçerləri daha tez dəyişərdilər”.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu saat 20:00-da başlayacaq.
report.az