Azərbaycanda Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılacaq
29.9.2017

Bakıda keçirilən XXIII Azərbaycan Beynəlxalq Səhiyyə (BIHE 2017) Sərgisi çərçivəsində İqtisadiyyat Nazirliyi və “Hayat Pharm” MMC arasında əczaçılıq sənayesinin yaradılması və inkişafının dəstəklənməsinə dair anlaşma memorandumu imzalanıb.
Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, sənədi iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və “Hayat Pharm” MMC-nin baş direktoru Ramin Hacıyev imzalayıblar.
Sənədə əsasən, Azərbaycanda Əczaçılıq Məhsulları İstehsalçıları Assosiasiyası yaradılacaq, əczaçılıq məhsullarının ixracının təşviqi üzrə təkliflər hazırlanacaq, yeni əczaçılıq məhsullarının istehsalına və bu sahədə elmi-tədqiqat fəaliyyətinə investisiya qoyuluşu təşviq ediləcək.
Qeyd edək ki, “Hayat Pharm” ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisində iştirak edir. Pirallahı Sənaye Parkında əczaçılıq məhsullarının istehsalını həyata keçirəcək “Hayat Pharm” Azərbaycan-Rusiya birgə müəssisəsidir. Müəssisədə Azərbaycanın “Vita-A” şirkəti 45%, “Azərbaycan İnvestisiya Şirkəti” 10% və Rusiyanın “R-Pharm” şirkəti 45% paya malikdir.

report.az