"Bu gün Azərbaycanda istənilən sahədə İKT uğurla tətbiq olunur. Hazırda ölkəmizdə elektron təhsil, elektron vergi, elektron səhiyyə, elektron kənd təsərrüfatı, elektron gömrük, elektron ticarət və digər istiqamətlər üzrə səmərəli layihələrin icrası davam etdirilir. Bütün bu xidmətlər "Elektron hökumət" modelində əks olunur".
"Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 40-dan artıq dövlət qurumunun xidmətləri "Elektron hökumət" portalında vətəndaşlara təqdim olunur: "Portalın mobil tətbiqi vasitəsilə istifadəçilərə rabitə, kommunal, cərimə və s. üzrə bildirişlərin real vaxt rejimində çatdırılması mümkündür. Bu "mobil hökumət" quruculuğu istiqamətində uğurlu başlanğıc hesab oluna bilər".
Nazir bildirib ki, elektron xidmətlərə artan tələbat fonunda cari ildə e-imzanın istifadəsi təkmilləşdirilərək "elektron imza" tokenləri yaradılıb: "Bu günədək 100 mindən artıq "elektron imza" istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi "elektron imza" sertifikatı ilə təmin olunacaq. Bununla da yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək".
lent.az