Azərbaycanda cinayət təqibi zamanı dövlət sirri, şəxsi həyatın toxunulmazlığı, ailə, peşə, kommersiya və sair məlumatların qorunmasının təmin olunması ilə bağlı sənədlərin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflər hazırlanacaq.
Bu, Azərbaycanın baş prokuroru Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd edilib.
Z.Qaralov bildirib ki, ölkəmizdə informasiya cəmiyyətinin formalaşması, dövlət orqanlarının fəaliyyətində və vətəndaşların həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması təhlükəsizlik və qanunla qorunan sirlərin, digər konfidensial məlumatların mühafizəsinin əhəmiyyətini artırmaqla, bu sahədə nizamasalmanın və normativ tənzimləmənin təkmilləşdirilməsini və nəzarətin daha da gücləndirilməsini zəruri edib. Buna görə də cinayət təqibi zamanı dövlət sirri, şəxsi həyatın toxunulmazlığı, ailə, peşə, kommersiya və sair məlumatların qorunmasının təmin olunması ilə bağlı Baş Prokurorluq üzrə əmr və təlimatların, digər normativ sənədlərin təkmilləşdirilməsi üzrə əsaslandırılmış təkliflərin işlənib hazırlanması məqsədilə Baş Prokurorluq üzrə 12 sentyabr 2017-ci il tarixli sərəncamla Baş prokurorun müavininin rəhbərliyi ilə işçi qrupu yaradılmışdır.
Z.Qaralov bildirib ki, Prezidentin qarşımızda qoyduğu vəzifələrin icrası ilə bağlı onun tövsiyələrində qeyd olunan tələblərə cavab verən yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesinin həyata keçirilməsi istiqamətində fəaliyyət sistemli şəkildə və müntəzəm olaraq həyata keçirilir. Yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi prokurorluğun kadr korpusunun dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslar hesabına, obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq müsabiqə yolu ilə həyata keçirilir.
trend.az