Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən “Bakı gecələri – 2012” estrada mahnı festivalının qalibləri səsvermə nəticəsində müəyyənləşib.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, təşkilat komitəsi tərəfindən 102 mahnı seçilərək festivalda iştirak üçün efir proqramına daxil edilib. “Bakı gecələri” estrada mahnı festivalının I mərhələsində təşkilat komitəsi tərəfindən seçilmiş mahnılar sentyabrın 20-dən etibarən festivalın rəsmi informasiya dəstəyi olan “Araz FM – 103.3” radiosunun efirində həftə ərzində hər gün saat 16:00–dan 17:00-dək “Bakı gecələri saatı” non-stop musiqi saatında səsləndirilib. Elan olunduğu kimi, mahnıların qəbulu noyabrın 1-dək davam edib.
Seçim turu ərzində müəlliflər tərəfindən daha bir neçə mahnının festivala qatılması üçün müraciətlər edilib. Təşkilat komitəsi tərəfindən bu əsərlər araşdırılmış və daha 8 mahnı festivalda iştirak hüququ qazanıb. Beləliklə, “Bakı gecələri – 2012” estrada mahnı festivalında ümumilikdə 110 mahnı tamaşaçılar tərəfindən seçilmək üçün səsverməyə çıxarılıb.
Festivala təqdim olunan mahnılar SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılıb. Səsvermə noyabrın 20-dək davam etmiş və hər iki səsvermənin nəticələrinə görə ən çox səs qazanmış 21 mahnı “Bakı gecələri -2012” estrada mahnı festivalının qalibləri elan edilib.
Onların siyahısını təqdim edirik:
1. Ayan – “Ya ona dön”
2. Aybəniz Həşimova – “Sən getsən əgər”
3. Aygün Kazımova – “Düşün məni”
4. Brilliant Dadaşova – “Dalğalar”
5. Ceyhun – “Söz verirəm”
6. Elza Seyidcahan – “Tapmaca”
7. Faiq Ağayev – “Riyaziyyat”
8. İlhamə Qasımova – “İstə”
9. Manana –“ Gec deyil”
10. Nadir Qafarzadə –“Ana laylası”
11. Natəvan Həbibi – “Damlalar”
12. Rəhim Rəhimli – “Balta”
13. Ramal – “Qurban olum”
14. Roza zərgərli – “Atəş”
15. Samira-Allahverdi – “Sevgimdən danışdım”
16. Səidə Dadaşova – “Yağış yağır”
17. Sevda Yəhyayeva – “Heç qayıtma”
18. Xatirə İslam – “Biri var burda”
19. Zamiq – “Nağıllar”
20. Zülfiyyə Xanbabayeva – “Yox demə”
21. Şeron qrupu – “Dost”
Qalib mahnılar dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertdə tamaşaçılara təqdim olunacaq.
Qaliblər arasından mükafatçıları müəyyən etmək üçün qala–konsertdə iştirak edən 21 mahnı noyabrın 25-dən dekabrın 15-dək “Araz FM – 103.3” radiosunun efirində səsləndirilməklə yenidən SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılır. Ən çox səs toplamış 3 mahnı mükafatlandırılacaq. Birinci, ikinci və üçüncü yerləri müvafiq olaraq diplomlar və 5000, 3000, 2000 manat gözləyir.
ANN.Az