Bakı Mühəndislik Universiteti sahibkar universitet modeli üzrə beynəlxalq təcrübəni öyrənir
2.10.2017

Elmi-pedaqoji keyfiyyətin yüksəldilməsinə, o cümlədən yüksək texnologiyaların inkişafı istiqamətində bilik və bacarıqların gücləndirilməsinə əhəmiyyət verən Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi əməkdaşlarının xarici ölkələrdə təcrübə keçməsinə maraq göstərir. Bu istiqamətdə aparılan işlər çərçivəsində BMU Texnoparkının müdir mavini, dosent İsa Qasımov ABŞ-ın San-Fransisko şəhərinə (Kaliforniya ştatı, Silikon Vadisi) ezamiyyətdən qayıdıb.

O, bildirib ki, ABŞ-ın San-Fransisko şəhərində "SVI Academy" tərəfindən təşkil edilən "Silikon Vadisinə Keçid Təlim Proqramı"nda iştirak edib. Proqram çərçivəsində innovativ sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı təlimlər keçirilir.

"Silikon Vadisinə Keçid Təlim Proqramı" boyunca iştirakçılar Silikon Vadisində formalaşmış ekosistemlə yaxından tanış olmaqla yanaşı, burada formalaşaraq, dünyanın qabaqcıl şirkətlərinə çevrilmiş firmaların təcrübəsi ilə tanış olublar. Proqram iştirakçıları, həmçinin burada fəaliyyət göstərən bəzi mentorlarla yaxından tanış olma imkanı qazanıblar. Təlim proqramının bir hissəsi kimi "Stanford" Universiteti ilə, eləcə də buradakı elmi-tədqiqat və tədris prosesi ilə tanışlıq da maraqlı keçib. Dünyada getdikcə daha da aktuallaşan sahibkar universitet modelini inkişaf etdirən ən mühüm elm-təhsil müəssisələrindən hesab olunan "Stanford" Universiteti ilə tanışlıq xüsusilə əhəmiyyətli məqamlardan sayıla bilər.

"Silikon Vadisinə Keçid Təlim Proqramı"nda BMU-nun əməkdaşı İsa Qasımovdan başqa, Fransa, ABŞ, BƏƏ və sair ölkələrdən də nümayəndələr iştirak edib.

Qeyd edək ki, Bakı Mühəndislik Universiteti Azərbaycanın alı təhsil sistemində ilk dəfə formalaşdırılmış publik hüquqi şəxs kimi sahibkar universitet modelini inkişaf etdirməyi hədəfləyir. Bu mənada BMU intellektual kapitalın inkişafında mühüm rol oynayan sahibkar universitet modelinin inkişafı üçün beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi önəm verir.

azertag.az