Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, professor Mixail Gerasimenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda olub.
Görüş zamanı institutun rektoru, professor Nazim Qasımov müəssisələr arasında üç ildən bəri əməkdaşlıq əlaqələrinin davam etdiyini və onun daha da genişlənməkdə olduğunu söyləyib. Həmin əlaqələrin nəticəsi olaraq institutun onlarla rezidenti Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasına rotasiya olunaraq təhsil alıb və alır. İnstitutlar arasında diplomdansonrakı təhsil məsələləri üzrə “dəyirmi masa” formatında telekörpülər keçirilib, müştərək elmi araşdırmalar nəzərdə tutulub.
Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, professor M.A.Gerasimenko iki ölkə arasında olan dostluqdan, təhsil və tibb sahələrində əldə edilən uğurlardan danışıb. Qonaq ölkəsində tibb təhsili sahəsində əldə olunan uğurlardan bəhs edərək deyib ki, diplomdansonrakı təhsillə əlaqədar azərbaycanlı həmkarları ilə perspektivi olan işlər planlaşdırılır və yaranmış əlaqələri daha da sıxlaşdırmaq lazımdır.
Müzakirələr zamanı Belarus və Azərbaycanın tibb təhsili verən ali məktəbləri arasında müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra rektorlar Ə.Əliyev adına ADHTİ-nin bir neçə kafedrasında Səhiyyə Nazirliyinin dəstəyi ilə yaradılmış müasir simulyasion mərkəzlərin işləri ilə tanış olublar. Qeyd olunub ki, yeni avadanlıqlar ixtisasartırma keçən həkimlərin müasir diaqnostika və müalicə metodlarına yiyələnmələrində əvəzsiz xidmət göstərir.
azertag.az