Azərbaycanlı musiqiçi Amerikanın tanınmış pianoçu-bəstəkarı ilə birlikdə konsert verəcək
4.10.2017

ABŞ və Avropada beynəlxalq festivallarda çıxış edən dünya cazının yeni ulduzlarından biri - Şahin Növrəsli Parisdə konsert verəcək.
Şahin Növrəsli Parisin ən möhtəşəm konsert zallarından olan "Le Palais des Congrès" sarayında 14 noyabr tarixində ABŞ-ın dəfələrlə "Grammy" mükafatına və digər yüksək mükafatlara layiq görülmüş ulduzu, postbop caz musiqi janrının canlı əfsanələrindən olan Əhməd Camal ilə birlikdə çıxış edəcək.
1977-ci ildə Bakıda anadan olan, musiqi ilə çox erkən yaşlarından məşğul olmağa başlayan, artıq 11 yaşında Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrinin solisti kimi çıxış edən və sonradan öz təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirən Şahin Növrəslinin yaradıcılığının özünəməxsusluğu Azərbaycan muğamının melodiyaları ilə ənənəvi caz ritmlərini əlverişli sintezinə böyük ustalıqla müyəssər olmasındadır. Beləliklə o, öz musiqisində iki böyük mədəniyyəti – Qərb və Şərq mədəniyyətini birləşdirməyə nail olub.
Xatırladaq ki, bu ilin mayında ABŞ-ın əfsanəvi pianoçu və bəstəkarı Əhməd Camal “Festival Jazz à St-Germain-des-Prés Paris” festivalında Şahin Növrəslini Parisdə ilk dəfə təqdim edib.

report.az