“Leto AMOR-2017” yay əhvalatları fotomüsabiqəsinin qalibləri elan olunub
4.10.2017

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) “Leto AMOR-2017” müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb. Müsabiqə hər il RAGB-ın sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilir.

Bu il müsabiqəyə 200-dən çox fotoiş təqdim edilib. “Leto AMOR-2017” müsabiqəsinin qaydalarına görə, iştirakçılar fotoişlərini “İnstaqram” sosial şəbəkəsinin səhifələrində yerləşdirərək onlara yay əhvalatı barədə kiçik hekayə əlavə etməli idilər. Müsabiqənin finalı Moskvanın nüfuzlu “LOOKIN ROOMS” klubunda keçirilib.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev açılış mərasimində çıxış edərək iştirakçılara təşkilatın sədri Leyla Əliyevanın salamlarını və xoş arzularını çatdırıb. O, RAGB-ın üzvləri adından sədr Leyla Əliyevaya Rusiyada yaşayan azərbaycanlı gəncləri daim dəstəklədiyinə görə təşəkkürünü bildirib. Qeyd edib ki, Rusiyanın azərbaycanlı gəncləri ölkənin mədəni və idman həyatında fəal iştirak edirlər, tələbələrimiz tələbə və Ümumrusiya müsabiqələrinin qalibləri sırasında yer alırlar.

E.Hacıyev vurğulayıb ki, “Leto AMOR” müsabiqəsi gənclərin yaradıcı potensialının üzə çıxarılması və inkişaf etdirilməsi, həvəskar fotoqrafların yaradıcı və peşəkar yüksəlişinə kömək məqsədilə keçirilir: “Müsabiqənin nominasiyalarından biri “Ekologiya – “Yaşıl planet – Yaşıl ev”dir. Bilirsiniz ki, təşkilatımızın rəhbəri Leyla Əliyeva IDEA təşkilatının yaradıcısıdır. Təşkilat ekoloji problemlərə dair maarifləndirici layihələr üzərində işləyir və onların həlli yollarının axtarışı ilə məşğul olur. Birlik həm Azərbaycanda, həm də bütün dünyada böyük beynəlxalq layihələr reallaşdırır”.

Bu yaxınlarda Stavropolda keçirilmiş VIII Rusiya-Azərbaycan Regionlararası Forum barədə danışan E.Hacıyev deyib ki, forumda tikinti, kənd təsərrüfatı, avtomobil istehsalı, energetika və əczaçılıq sahələrində fəaliyyət göstərən 70-dən artıq şirkətin 500-dən çox nümayəndəsi iştirak edib: “Forumun iştirakçıları sırasında vaxtilə RAGB-ın fəalları olan gənc sahibkarlar da olublar. Təşkilatımızın işi forumda növbəti dəfə yüksək qiymətləndirilib. Bu, sizin kimi istedadlı və mehriban uşaqların hesabınadır. Bu cür imkana görə Leyla xanım Əliyevaya təşəkkür etmək istərdik”.

RAGB-ın nümayəndəsi tələbələrə yaxşı oxumağı, öz sahəsində yaxşı mütəxəssis olmağı, Azərbaycan və Rusiya arasında tərəfdaşlıq münasibətlərinin inkişafında fəal iştirak etməyi arzulayıb.

E.Hacıyevin sözlərinə görə, ən çətin məsələ yaxşıların yaxşısını seçmək olub. “Sözsüz ki, hər fotoqrafiya xüsusi diqqətə layiqdir. Biz ən tanış yerlərə digər baxış bucağından baxmağa imkan verən və ilhamlandıran fotoları seçdik”.

“Ümumrusiya Millətlərarası Gənclər İttifaqı” Ümumrusiya İctimai Hərəkatının sədr müavini Vladimir Nikişin qeyd edib ki, RAGB gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına yönələn miqyaslı və səmərəli layihələri ilə həmişə fərqlənir.

Sonra müsabiqənin qalibləri elan edilib. “Ekologiya – “Yaşıl planet – Yaşıl ev” nominasiyasında Sankt-Peterburqdan tələbə Elvira Əzimova ən yaxşı fotoqrafiyanın müəllifi hesab olunub. “Turizm – “Turistlərin gözü ilə” nominasiyasında birinci yeri Sevda Süleymanova tutub. Fidan Nəbiyevanın fotoişi “Mənzərələr – “Ucsuz-bucaqsız Vətənim” nominasiyasında ən yaxşı iş sayılıb. “Tarixi yerlər – “Göz oxşayan, yaddaşda iz qoyan” nominasiyasında birinci yerə Şahin Əliyev layiq görülüb. Qaliblərə fəxri diplomlar, habelə qiymətli mükafatlar verilib.

Tədbirdə iştirak edən Moskva Millətlər Evinin gənclərlə iş şöbəsinin rəis müavini Salomey Ablotiya Rusiya və Azərbaycan arasında dinamik inkişaf edən ikitərəfli münasibətlərin möhkəmlənməsində RAGB fəallarının rolunu vurğulayıb.

Tədbirin musiqili hissəsində “Qolos. Deti 3” şousunun iştirakçısı Azər Nəsibov, gənc ifaçılar Aysel Məmmədova, Andrey Vitvitski, müğənni Dilqəm Verdiyeva, gənc reper Fardi, BAGEEROV və Royal İlyasov çıxış ediblər.

Gecəyə bayram əhvali-ruhiyyəsini isə DJ IKA qatıb. RAGB ŞHK komandasının çıxışı qonaqlar üçün sürpriz olub. Sonda onlar Müslüm Maqomayevin “Azərbaycan” mahnısını oxuyublar.

azertag.az