Azərbaycan və Çexiya milli komandaları arasında futbol üzrə Dünya Çempionatı - 2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək oyundan əvvəl Çexiya mətbuatı əfsanəvi hakim Tofiq Bəhramovu yadda salıb.
"iDnes.cz" portalı 1966-cı ildə keçirilən Dünya Çempionatının Almaniya ilə İngiltərə milli komandaları arasında baş tutan görüşünü xatırlayaraq, T.Bərhəmovun yerində oyunun digər laynsmanı - çex Karol Qalbanın olacağı təqdirdə, məhz onun adını əbədi futbol tarixinə yazdıracağını bildirib.
Portal mərhum Qalbanın vaxtilə dediyi sözləri də sitat gətirib: "O, həmin anda doğru qərar verə biləcək yeganə adam idi. Oyundan dərhal sonra paltardəyişmə otağında ondan bu barədə soruşanda tərəddüd etmədən qol olduğunu dedi. Hamımızı haqlı qərar verdiyinə inandıra bildi".
Xatırladaq ki, hesab 2:2 olarkən məhz Tofiq Bəhrəmovun işarəsindən sonra oyunun baş hakimi Qottfrid Dinst ingilislərin üçüncü qolu vurduğunu göstərib. Yekunda oyun İngiltərənin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Ceffri Herstin həmin qolu isə dünya çempionatlarının finallarında vurulmuş ən məşhur qol kimi tarixə düşüb.
report.az