Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır
6.10.2017

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri hazırlanır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edən yaradıcı kollektiv tamaşanı fərqli yozumda təqdim edəcək. Tamaşada kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks edilib.

Quruluşçu rejissor Elşad Rəhimzadənin təqdimatında hazırlanan tamaşada rolları Əməkdar artistlər Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Elşən Hacıbabayev, Müşfiq Əliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Asya Atakişiyeva və başqaları canlandıracaq.

Tamaşanın premyerası oktyabrın 27-də gerçəkləşəcək.

azertag.az