Moskvada, Beynəlxalq Musiqi Evində Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə populyar estrada müğənnisi, Azərbaycanın Əməkdar Artisti Sərxan Sərxanın yubiley konserti olmuşdur.
60 illik yubileyini qeyd edən tanınmış müğənni pərəstişkarları üçün sevilən kompozisiyalarını, o cümlədən ötən əsrin 80-ci illərində ona böyük şöhrət qazandırmış “Ay gecikən məhəbbətim” mahnısını oxumuşdur. Bu mahnı Azərbaycan estradasında ən populyar mahnılardan biri, Sərxan Sərxan isə o dövrün romantik qəhrəman təcəssümü idi. Konsertdə tanınmış Azərbaycan melodiyaları, habelə rus dilində estrada mahnıları səslənmişdir.
Ağzınacan dolu salonda Sərxan Sərxanın çoxsaylı pərəstişkarları arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da olmuşdur. O, yubilyarı təbrik edərək, Bakı Filarmoniyasının direktoru işlədiyi zaman tanış olduğu yaradıcılığından söz açmış, onunla birlikdə işlədiyi illəri yada salmışdır. Sonra səfir “Gəl ey səhər”, habelə “Zəng et” mahnısını yubilyarla birlikdə gurultulu alqış sədaları altında oxumuşdur.
Sərxan Sərxan yaradıcılıq karyerasına gitarada ispan mahnıları ifa etməklə başlamış, Tom Cons, Stiv Uander, Frenk Sinatra və Rey Çarlzın yaradıcılığına güclü maraq göstərmişdir. O, vaxtilə ən reytinqli müğənni olmuş, Bakıda çoxlu konsertlər vermiş, habelə bir çox ölkələrə qastrol səfərləri etmişdir. 1991-ci ildə Sovet İttifaqı dağılandan sonra müğənni Moskvaya köçmüş, burada rus romansları və müasir estrada mahnıları oxumağa başlamışdır.
AzərTAc