Çoxsaylı cərəyan və üslublarla kifayət qədər xaotik görünən müasir rəssamlıq məkanında bəzən elə qüvvə tapılır ki, tamaşaçını ilk baxışda özünə cəlb edir, daşıdığı bədii-estetik yükün zənginliyinə görə onu duyğulandırır. Qənaətimizcə gənc rəssam Xaqan Bayramovun 2015-ci ildə Naxçıvanda və İstanbulda açılmış fərdi sərgilərini məhz belə bədii-mənəvi qaynaqlardan saymaq olar.
Etiraf edək ki, bu sərgiləri məna-məzmun və bədii ifadə tutumuna görə çağdaş rəssamlıq məkanı üçün çox yeni və maraqlı mədəni tədbir saymaq olar. Bunu şərtləndirən başlıca səbəb rəssamlıq məkanında tez-tez “müasir incəsənət” adı ilə ictimailəşdirilən nümunələrin klassik-əsl müasir əsər kimi qəbul olunan və zamanın ən çətin sınağından keçərək bu günümüzə gəlib çatan əsərlərdən çox aşağı səviyyədə olmalarıdır. Odur ki, gənc rəssam Xaqan Bayramovun həmyerliləri və türkiyəli sənətsevərlər qarşısında yaradıcılıq hesabatları naxçıvanlı sənətkarların və xarici qonaqların böyük marağına səbəb olub...
Tanışlıq üçün deyək ki, orta məktəbi Naxçıvan şəhərində bitirən Xaqan Bayramov çox erkən yaşlarından rənglərə olan sevgisini büruzə verib. Əvvəlcə yaxın qohumu, istedadlı rəngkar Əbülfəs Fərəcoğlunun tövsiyələrindən bəhrələnərək fərdi gözəllik duyumunu əyaniləşdirmişdir. Bundan sonra davamlı olaraq naxçıvanlı rəssam Həsən Qurbanovun rəhbərliyi altında sənətlə məşğul olmuşdur. Əldə etdiyi ibtidai sənət vərdişlərini daha da cilalayan Xaqan arzularının qanadında uzaq Sankt-Peterburqa üz tutub və 2012-ci ildə uğurla imtahan verərək İ.Y.Repin adına Rusiya Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsinə qəbul olunub. Bir-neçə ildir ki, Rusiyanın tanınmış fırça ustalarından sayılan Oleq Yeremeyevdən sənətin sirlərini öyrənir. Elə onun Naxçıvanda və İstanbulda açılmış fərdi sərgilərində göstərilən müxtəlif janrlı rəngkarlıq və qrafika əsərləri də tələbəlik dövründə çəkdiyi əsərlərdir. Hazırda gənc rəssam bu məşhur təhsil ocağının son kursunda oxuyur. Diplom işini də qədim muğam sənətini yaşadanlara həsr edib. Gələn ilin martında Ankarada təşkil olunacaq beynəlxalq sənət yarışmasında onun da yeni işləri ilə iştirakı gözlənilir.
Qeyd edək ki, Xaqan Bayramov tələbə-rəssam kimi indi təsviri sənətin bütün janrlarına eyni dərəcədə maraq göstərir. Bu mənada onun hər bir janrın cəlbediciliyini təmin edəcək bədii vasitələr araması və bütün bunların müxtəlif biçimli kompozisiyalarda ifadəsi də bütün mənalarda yaddaqalandır.
Əgər hər bir rəssamın bütün yaradıcılığı boyu əldə etdiyi çoxsaylı sənət vərdişlərinin məcmu şəklində süjetli kompozisiyalarda ifadə olduğunu nəzərə alsaq, onda demək olar ki, Xaqanın bu sahədə atdığı ilk addımlar milli-vətənpərvərlik tutumu ilə diqqəti cəlb edir. Onun “Azərbaycanım”, “Qaçqınlar”, “Vidalaşma”, “Əsgərlər”, “Qalanın müdafiəsi”, “Baba və nəvə”, “Xalça uğrunda mübarizə” və s. əsərləri məhz vurğuladığımız tutumdadır.
“Azərbaycanım” lövhəsində yurdumuzun dilbər guşəsində baba ilə nəvəni bir araya gətirən Xaqan Bayramov onların təbiət və yurdun nemətləri ilə təmasından aldıqları zövqü əlvan rənglərlə bədiiləşdirə bilib. Kompozisiyanın rəng həllində rənglərin lakonikliyi üstünlük təşkil etsə də, müəllif bu yığcamlıqla süjetin cəlbediciliyini və duyğulandırıcılığını əldə edə bilmişdir.
“Əsgərlər” rəngkarlıq tablosunda gecə qaranlığında milli ordumuzun dörd döyüşçüsünü ocaq başına toplayan müəllif, arxada qalan döyüşün ağırlığını onların çöhrələrində göstərməyə çalışıb. Doğrudan da aylı gecənin fonunda görüntüyə gətirilən bu əsgərlərin ifadəli duruşlarında onların iç dünyaları ilə dialoqda olmaları duyulandır...
“Qaçqınlar” qrafik lövhəsində düşmən təcavüzündən xilas olmağa çalışanların qayğıları təsvir olunub. Üfüqi kompozisiyada arabanın ətrafında sıralanmış ailə üzvlərinin siluetlərində situasiyanın doğurduğu həyəcanı aydın duymaq olur.
Xaqanın “Vidalaşma” və “Qalanın müdafiəsi” qrafik lövhələrində də ovqatyaradıcı məqamlar kifayət qədərdir. Düşmənlə mübarizəyə yollanan döyüşçünün ailəsi ilə vidalaşması və yadellilərin həmləsini dəf etməyə tələsən qala müdafiəçilərinin hərəkətlərində və yaşantılarında təbiiliyin mövcudluğu ilk növbədə gənc rəssamın nümayiş etdirdiyi sənətkarlığın görüntüsüdür.
Gənc rəssamın “Xalça uğrunda mübarizə” (qrafika) lövhəsində bu günə kimi yaşadılan el adəti bədii görkəm alıb. İki gəncin “qol-güc yarışı” və bu səhnəni maraqla izləyənlərin təsvirinin yaratdığı ekspressiya duyulandır. Belə ki, hamı mükafat olaraq veriləcək əlvan xalçanın kimə qismət olacağını gözləyir...
Onun portret janrında işlədiyi “Qırmızı geyimli qız”, “Qonşumun portreti”, “Qara şlyapalı kişi”, “Katerinanın portreti”, “Gənc oğlanın portreti”, “Göy paltarlı kişi”, “Paulinanın portreti”, “Gecə işığında portret” və s. əsərlərində də müəllif özünəməxsusluğunu təsdiqləyən bədii məziyyətlər az deyil. İlk olaraq müxtəlif yaşlı insanların fərdi yaşantılarına tutulan “bədii güzgü”də cəmləşən təzadlı hiss-duyğuların tamaşaçı üçün də cəlbedici göründüyünü vurğulamaq istərdik. Qənaətimizcə, bunu ilk növbədə gənc rəssamın obrazlara münasibətində nümayiş etdirdiyi səmimilik şərtləndirir. Bədii axtarışlarında süni müasirlikdən uzaq olduğunu sərgiləyən Xaqan Bayramov, görüntüyə gətirdiyi obrazları onları səciyyələndirə biləcək estetik tutumda təqdim etməklə, onların inandırıcılığına nail ola bilmişdir. Onun Naxçıvan sərgisində nümayiş olunan çoxsaylı portretlərinin müsbət və özünəməxsus məziyyətlərindən biri də rəssamın rənglərin ənənəvi “gücünü” ram etməsi, onları kompozisiyanın ümumi ruhuna müvafiq təqdim etməsidir. Bilavasitə realizm ənənələrinə tapınan gənc rəssam reallıqda dünya təsviri sənətində ənənəviləşən bu üslubun bədii ifadə potensialının nəhayətsiz olduğunu öz portretlərində də nümayiş etdirmişdir.
“Gecə işığında portret” əsərində rənglərin təzadından uğurla istifadə edən Xaqan görüntüyə gətirdiyi obrazın cəlbediciliyini əldə etmişdir. Səmada bərq vuran ay, qızın əlindəki fənər və açıq qapı obrazın yaşantılı olmasına işarə kimi qəbul olunur.
“Qırmızı geyimli qız” əsərində isə müəllif qırmızı rəngdən həm fon-yerlikdə, həm də geyimdə istifadə etməklə çətin yaradıcılıq məsələsini həll etməyə çalışmışdır. Onun nikbinliyi duyulası dərəcədə qabarıq görünən qırmızının müxtəlif çalarlarını əldə etməklə, bütünlükdə isti koloritli portretin rəng harmoniyasını əldə etmişdir. Müəllifin digər portretləri də onun əsərin ümumi kompozisiyasının uğurunu təmin edəcək bədii-estetik məziyyətlərin sintezini əldə etmək bacarığını nümayiş etdirir.
Rəssamın mənzərə və natürmort janrlarında çəkdiyi əsərlərdə də görünənlərə realist-gerçəkçi münasibətin özünəməxsus xüsusiyyətlərini müşahidə etmək mümkündür. Onun natürmort kompozisiyalarını təşkil edən atributların seçiminə rəğmən özündə keçmişlə bu günü birləşdirən motiv kimi qəbul etmək mümkündür. Belə ki, burada qədim samovar, mis, saxsı və şüşə qablar, eləcə də müxtəlif nemətlərin əldə olunan qovşağı kifayət qədər maraqlıdır. Bu mənada bu janra müxtəlif nəsillərin bu vaxta qədər nümayiş etdirdikləri münasibətdən kifayət qədər xəbərdar olan gənc rəssamın təqdimatı əksər hallarda özünəməxsusdur. Onun müxtəlif əşyaların faktura inandırıcılığını şaşırdıcı dərəcədə əldə etməsi isə bilavasitə onun istedadından qaynaqlanan məsələdir.
Xaqan Bayramovun mənzərə janrında çəkdiyi əsərlərdə də onun fərdi müşahidə qabiliyyəti özünü göstərir. Onun “İçərişəhər”, “Quba”, “Marmaris” və s. lövhələrində geniş bədii ümumiləşdirmələrə müxtəlif təbiət motivlərini səciyyələndirən cəhətləri üzə çıxara bilmək bacarığını görmək mümkündür...
Gənc rəssamın yaradıcılığı ilə tanışlıq və onun dəyərləndirilməsi göstərir ki, onun yaradıcı potensialı kifayət qədər genişdir. Bu da bizə Xaqan Bayramovun simasında təsviri sənətimizin ağır mənəvi yükünü daşıya biləcək yaradıcının yetişdiyini söyləməyə əsas verir. Odur ki, bu adı yadda saxlayın...
azertag.az