Bakı Sərgi Mərkəzində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgiləri açılmışdır.
Sərginin əsas məqsədlərindən biri bu sahədə irihəcmli infrastruktur layihələrinə investisiyaların cəlb edilməsinə nail olmaqdır. 2012-ci ilin Azərbaycanda “İdman ili” elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının yüksək nailiyyətləri də bu sərginin əhəmiyyətini artıran mühüm amillər sırasındadır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən idman, idman ləvazimatı və geyimi sərgisi öz meydançasında 50 iştirakçını, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirmişdir.
Diqqətə çatdırıldı ki, sərgidə idman obyektlərinin təchizatı sahəsində mütərəqqi həll variantları, idman qurğuları və ləvazimatları, habelə trenajorlar təqdim olunur. Sərgi ekspozisiyasının böyük hissəsini Azərbaycanda idmanın inkişaf etmiş populyar növləri ilə məşğul olan müxtəlif federasiyalar tutur. Belə ki, bu iştirakçıların siyahısına boks, futbol, taekvondo, cüdo, qolf, alpinizm, stend atıcılığı, stolüstü tennis, yelkənli qayıq idmanı, üzgüçülük və idmanın digər növləri ilə məşğul olan federasiyalar daxildir. Azərbaycanın Olimpiya və Paralimpiya komitələri də sərginin fəal iştirakçılarıdır. Azərbaycanda idman sənayesinin inkişafını əks etdirən sərgi idman komandaları, klublar və federasiyaların fəaliyyəti ilə bağlı geniş məlumat bazasını nümayiş etdirir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgilərin pavilyonları ilə tanış oldular.
president.az