Vyetnamın iki nəşrində - “Vietnam tourism review” və “Phu Nu” (“Qadın dünyası”) jurnallarında Azərbaycan haqqında məqalələr dərc olunub.
Azərbaycanın Hanoydakı səfirliyindən bildiriblər ki, “Vietnam Tourism review” jurnalının sonuncu buraxılışında “Qədim və gözəl Azərbaycan” başlığı ilə dərc olunan məqalədə ölkəmizin turizm imkanlarından və zəngin memarlıq ənənələrindən geniş bəhs edilib. Azərbaycanın Şərq ilə Qərb mədəniyyətinin qovuşduğu müstəsna yerlərdən biri olduğu xüsusi vurğulanan yazıda qeyd olunur ki, bu diyarda böyük şairlər, filosoflar, alimlər və memarlar yaşayıb. Onların yaratdığı əsərlər dünya mədəniyyət xəzinəsinə qızıl hərflər ilə daxil olub.
Məqalədə əsrarəngiz təbiətə malik olan Azərbaycanın turistlər üçün son dərəcə cəzbedici bir ölkə kimi imkanlarının geniş olduğu diqqətə çatdırılıb. Müəllif Bakının qədimliyinin və Azərbaycanın zəngin mədəniyyətinin əyani təzahürü olan İçərişəhərdən söhbət açaraq, onun YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edildiyini xatırladıb.
Bakının memarlıq tarixindən söz açılan məqalədə bildirilib ki, XX əsrin əvvəllərində şəhərdə Avropa memarlığı üslubu ilə binaların tikilməsi sürətlənib. Bundan başqa, Azərbaycanda müasir dövrdə memarlıq baxımından diqqət çəkən binalar haqqında da məlumat verilib.
On beş milyondan çox üzvü olan Vyetnam Qadınlar Birliyinin rəsmi mətbu orqanı “Qadın dünyası” jurnalının sonuncu buraxılışında “Müstəsna şah əsəri” başlıqlı məqalədə isə Azərbaycanın əl işi mədəniyyətindən, o cümlədən xalçaçılıq, zərgərlik, geyim və digər tətbiqi sənət növlərindən geniş bəhs edilib.
Qeyd olunub ki, Azərbaycan xalqının yaratdığı zəngin və fərqli mədəniyyətin bir istiqaməti dekorativ və tətbiqi sənətdən ibarətdir. Əsası hələ qədim vaxtlarda qoyulan bu mədəniyyətin zərgərlik, metal, taxta, daş və sümük oyma, xalçaçılıq, toxuculuq və geyim kimi tətbiqi sənət növlərindən söz açılıb.
Məqalədə əl işi sənət növlərinin Azərbaycan xalqının qədim və zəngin tarix və mədəniyyətə malik olmasının əyani sübutu kimi səciyyələndirilərək, müxtəlif vaxtlarda ölkəmizi ziyarət edən tacirlər, səyyahlar və diplomatların xatirələrində Azərbaycanda incəsənətin və sənətkarlığın inkişafına aid bir çox maraqlı faktlara rast gəlindiyi bildirilib.
Yazıda YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçaçılıq sənətinin tarixi köklərindən, xalçaçılıq məktəblərindən, ölkəmizdə toxunan xalçaların hazırda dünyanın tanınmış muzeylərində nümayiş olunmasından ətraflı bəhs olunub.
Məqalədə bundan başqa, Azərbaycanın zəngin milli geyiminin üslub və xüsusiyyətləri, müxtəlif dövrlər üzrə inkişafı barədə də məlumat verilib.
azertag.az