Azərbaycanda yenilik: uşaqların da pasportu olacaq
29.11.2012

Yaxın vaxtlarda xaricə gedib-gələrkən 18 yaşadək uşaqların bütün sənədləşmə işləri onların öz pasportlarında aparılacaq.

Biometrik pasportların verilməsi bir sıra problemləri aradan qaldıracaq.

7 yaşlı qızı xarici ölkəyə aparmaq üçün hər iki valideynin razılığını təsdiq edən sənəd olmalıdır. Bu isə öz növbəsində vaxt itkisi və maliyyə baxımından narahatlıq yaradır. Qeyd edək ki, ölkəyə gəlmək, ölkədən getmək və pasportlara aid qanuna əsasən 18 yaşa qədər uşaqların xaricə getməsi üçün hər iki valideynin razılığı olmalıdır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli isə deyir ki, artıq gələn ilin iyunun 1-dən qanuna ediləcək dəyişikliklərdən sonra 1 yaşdan 18 yaşadək uşaqlar üçün pasportlar veriləcək: “Bir yaşı tamam olan uşaqlara 3 illik pasportlar, 3 yaşı olanda 5 illik pasportlar veriləcək. Sonra yenə də müddətlər üzrə pasportlar verilir. 18 yaşında isə 15 illik pasport verilir. Bu pasportlarda artıq bioloji göstəricilər – gözünün rəngi və s. göstəricilər olacaq. Bu da uşağın şəxsiyyətini müəyyənləşdirəcək”.

Bu prosesin başlanılmasının səbəblərindən biri də Avropada Şengen zonasına hazırki xarici pasportlarla getmək müşkül məsələ olmasıdır. Buna baxmayaraq, xarici ölkəyə gedəcək yetkinlik yaşına çatmayan uşaqlar üçün hər 2 valideynin icazəsi mütləq olmalıdır. Lakin vətəndaş ölkədən uşaqla birlikdə gedərkən həddi-buluğa çatmayanların adlarının valideynlərinin pasportlarına yazılması və fotonun yapışdırılması ləğv ediləcək. Bundan sonra bütün sənədləşmə işləri valideynin yox, uşağın öz pasportu ilə aparılacaq. Yeni pasportlar həmçinin biometrik olacaq.

Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri, eləcə də, Azərbaycanın qonşu ölkələrində bu sistem artıq çoxdan tətbiq edilib. Qonşu Rusiyada biometrik pasportların verilməsinə 2006-cı ildən start verilib. Bununla da, uşaqlara biometrik pasportların verilməsi ilə valideynlərin xarici pasportlarına övladlarının adlarının yazılması və şəkillərinin əlavə edilməsi qaydası ləğv edilib.

xezerxeber.com