Gələn il pensiyaların bütöv məbləğinin indeksləşdirilməsi əmək haqqının artım sürətinə uyğunlaşdırılacaq
9.10.2017

Gələn ilin yanvarında Dövlət Statistika Komitəsindən 2017-ci il üçün ölkə üzrə orta aylıq əmək haqqının artım sürəti barədə məlumat alınacaq və pensiyaların bütöv məbləği buna uyğun indeksləşdiriləcək.

2018-ci ilin dövlət büdcəsində sosial müdafiəyə ayrılan vəsait təqribən 3,6 milyard manat həcmindədir. Bu vəsaitin bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun öz büdcəsi hesabına maliyyələşdiriləcək. İşsizlikdən müdafiə fondunun büdcəsi isə gələn il üçün 90 milyon manat nəzərdə tutulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun verdiyi məlumata görə, dövlət büdcəsindən sosial müdafiəyə ayrılan vəsaitlər həm Dövlət Sosial Müdafiə Fonduna, həm əhalinin əmək və sosial müdafiəsinə müxtəlif yardım və ünvanlı müavinətlər şəklində nəzərdə tutulan məbləğlərdən, həm də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinə ayrılan vəsaitlərdən ibarətdir. Bu, gələn il üçün bütün tədbirlərin həyata keçirilməsi üçün kifayət edəcək.

azertag.az