“Apple” yeni təhsil layihəsinə başlayır
9.10.2017

ABŞ-ın Ohayo Universiteti və “Apple” şirkəti rəqəmsal təhsil sahəsində yeni, “Digital Flagship University” layihəsinə başlayır. Universitetin prezidenti Maykl Dreykin sözlərinə görə, bu təşəbbüs tələbələrə müasir mobil bacarıqlarını inkişaf etdirməyə və gələcəkdə rəqabətli əmək bazarında müvəffəqiyyət qazanmağa imkan verəcək.

Layihə çərçivəsində təhsil müəssisəsində yeni “iOS Design Lab” laboratoriyası fəaliyyətə başlayacaq. Laboratoriya tələbələr, müəllimlər və yerli sakinlər üçün açıq olacaq. Burada texniki hazırlıq aparılacaq, “Apple Swift” və digər maarifləndirici proqramlar həyata keçiriləcək. Bundan əlavə, “Apple” universitetə yeni proqramlar hazırlamaqda kömək göstərəcək. Bu ildən başlayaraq birinci kurs tələbələri “iPad Pro”, “Apple Pencil” və “Smart Keyboard” qurğularını əldə edəcəklər.

“Apple” şirkətinin baş direktoru Tim Kuk “Digital Flagship University” layihəsinin tələbələrə unikal imkanlar təqdim etdiyini bildirib.

azertag.az