Yaxın günlərdə Binəqədi şosesində təmir işlərinə başlanılacaq
9.10.2017

Yaxın günlərdə Binəqədi şosesində “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir işlərinə başlanılacaq.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, hazırda yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan aidiyyəti qurumlar tərəfindən aparılan işlər yekunlaşmaq üzrədir.

Binəqədi şosesində yenidənqurma işləri 2 mərhələdə aparılır. Birinci mərhələdə şose boyu bütün yeraltı kommunikasiya xətləri yenisi ilə əvəz olunub, bəziləri yoldan kənarlaşdırılıb.

İntensiv yağışlar zamanı yolun su ilə dolmasının qarşısını almaq məqsədilə yolboyu yeni 2,8 kilometr uzunluğunda yağış kollektoru inşa edilib.

Hazırda aidiyyəti qurum ətrafda yaşayan əhali tərəfindən, həmçinin sənaye və iaşə obyektlərindən yola doğru axıdılan məişət-çirkab sularının qarşısını almaq məqsədilə tədbirlər görür. Yaxın günlərdə bu işlər də tam olaraq yekunlaşdırılacaq.

Daha sonra ikinci mərhələ çərçivəsində “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə təmirinə başlanılacaq. Belə ki, 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yolboyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək üçün yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, yeni işıq dirəkləri quraşdırılacaq.

Həmçinin vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək, tam müasir yol infrastrukturu yaradılacaq.

azertag.az