Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 3,1 milyon sərnişinə xidmət göstərib. Bu göstərici 2016-ci il ərzində olan statistikaya yaxındır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, hesabat dövründə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) milli aviadaşıyıcısının payına 1,9 milyon sərnişin düşüb ki, bunun da 468 min nəfəri daxili reyslərlə daşınıb.
Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Bakı Aeroportunun beynəlxalq daşımalarının 46,1 faizi AZAL-ın, 53,9 faizi xarici aviadaşıyıcıların payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. Bu istiqamətlərə 1,9 milyon sərnişin uçub.
Bakı Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Terminal 1-in ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın "Skytrax" nüfuzlu konsaltinq şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
Cari ilin mart ayında Bakı Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.
azertag.az