Masallıda taekvando üzrə açıq rayon birinciliyi başa çatıb
9.10.2017

Masallı Taekvando Mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında taekvando üzrə açıq rayon birinciliyi başa çatıb.

Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə iki gün davam edən yarışda 300-ə yaxın idmançı 22 çəki dərəcəsində qalib adı uğrunda mübarizə aparıb.

Dörd yaş qrupu üzrə oğlanlar və qızlar arasında keçirilən açıq rayon birinciliyində Lənkəran, Lerik, Masallı, Cəlilabad, Qəbələ, Tovuz, Saatlı və Biləsuvar rayonlarını, Bakı və Sumqayıt şəhərlərini təmsil edən idmançılar tatami üzərində güclərini sınayıblar.

Yarışın yekun nəticələrinə əsasən, komanda hesabında Masallı idmançıları birinci, Bakı taekvandoçuları ikinci, Sumqayıt şəhərinin komandası isə üçüncü yeri tutub.

Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.

azertag.az