Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrətinin divanının surətini əldə edib.
AMEA-dan bildiriblər ki, divanda 100-dən artıq qəzəl, bir tərcibənd var. Divandakı “Gəlür”, “İmiş”, “Bu gün”, “Kibi”,“Yok”, “Ancaq”, “Gərək” və s. rədifli qəzəllərdə, şairin işlətdiyi obraz və məcazlarda Nəsiminin təsiri aydın görünür.
Tədqiqatçıların fikrincə, şair bəktaşi və ya qələndəri təriqətinə mənsub olub. O, əsərlərində özünü dərviş, Rum abdalı, sufi adlandırır. Şairin bir şeirindən məlum olur ki, o, qürbətdə, Makedoniyanın paytaxtı Üsküpdə-Skopye şəhərində, Vardar çayının sahilində yaşayıb. Divanda, eyni zamanda, böyük özbək şairi Əlişir Nəvainin də təsirini görmək mümkündür.
azertag.az