Azərbaycan məhsulları üçün yeni bazarlar tapılıb
10.10.2017

Almaniyada keçirilən ANUGA Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın “Made in Azerbaijan” vahid ölkə stendi də nümayiş olunub.

Məlumatda deyilir ki, Azərbaycan stendində sərgi ziyarətçilərinə ixracatçı şirkətlərin keyfiyyətli və rəqabət qabiliyyətli məhsulları, Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verilib, çap materialları paylanıb.

Sərgi çərçivəsində Monqolustan, İsveçrə və Rumıniyaya nar, qurudulmuş meyvə, qənnadı məmulatları ixracına dair danışıqlar aparılıb, bir sıra sifarişlər qəbul edilib. Azərbaycanın nar istehsalçısı olan “Mars FK” şirkəti İsveçrə və Monqolustanın satış şirkətləri ilə apardığı danışıqların nəticəsində bu ölkələrə ilkin olaraq 100 ton və 18 ton nar ixracına dair sifarişlər alıb.

Xüsusi emal üsulu ilə qurudulmuş xurma istehsal edən “Bal Xurma” şirkəti Argentina, Niderland, İtaliya və Yunanıstanda otellərin qida təchizatı ilə məşğul olan bir sıra şirkətlərlə danışıqlar aparıb və ixraca dair ilkin razılıqlar əldə edib. Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan “Konfiron biskvit” MMC isə sərgi çərçivəsində Rumıniyaya ixraca dair danışıqlar aparıb.

Oktyabrın 11-dək davam edəcək ANUGA Beynəlxalq Ərzaq Sərgisində Azərbaycan ilk dəfə olaraq qida və içkilər pavillionlarında “Made in Azerbaijan” vahid ölkə stendləri ilə təmsil olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sərginin içkilərə dair pavillionunda Azərbaycan şirkətlərinin meyvə şirələri, müxtəlif növ şərabları və təbii mineral suları, qida pavillionunda isə meyvə, fındıq, qənnadı məmulatları, çay, quru meyvə və s. məhsullar nümayiş olunur. Ümumilikdə, Azərbaycan ANUGA Sərgisində 20-dən çox ixracatçı şirkətlə təmsil olunur. Vahid ölkə stendinin təşkili xərcləri dövlət büdcəsi hesabına qarşılanır.

report.az