Bakıda “Nə hərb, nə sülh” adlı sərgi açılacaq
10.10.2017

Oktyabrın 12-də “YARAT” Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında “Nə hərb, nə sülh” adlı sərgi açılacaq.

Sərgi Azərbaycan rəssamlarının Qarabağ mövzusuna baxışını əks etdirir. Nə hərb, nə də sülh vəziyyətində yaşayan insanların mövcudluq faktı üzərində işləyən rəssamlar, bu həyatın müxtəlif tərəflərini göstərməklə, problemə ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. Atəşkəsin pozulmasını gündəlik həyatlarının ayrılmaz hissəsi hesab edən yerli sakinlər, öz həyatları bahasına yurdlarında yaşayırlar.

Belə ki, fotoqraf Sitarə İbrahimova "Donmuş münaqişə", "Qarabağda itkin düşənlər", "Kənar" və "Veteran" adlı silsilə fotolarında müharibənin izləri ilə həyatlarını davam edən və hələ də müharibə şəraitində yaşayan insanları əks etdirir.

Elturan Məmmədov "Top-20" adlı səs instalyasiyası hazırda Qarabağ bölgəsində yaşayan insanların reallıqdan qaçış kimi qiymətləndirərək, o zonada ən çox dinlənilən 20 musiqi trekini təqdim edir. Rəssamın digər “Bayraq” adlı əsəri bayrağın vətəndaşların ümumi ruh yüksəkliyini və xüsusən də, bu əhvalın Aprel döyüşləri dövründə daha da gücləndiyindən danışır.

Elnur Babayevin "Qaçqınlar" silsiləsi 90-cı illərdə Qarabağdan qaçqın düşmüş insanların Sabirabadda məskunlaşmasından bəhs edir. Sənədli fotolarda təkcə tarixi hadisələrə istinad deyil, həm də yaşayış şəraiti və infrastrukturun, eləcə də ölkənin o zamankı vəziyyətini göstərir.

İlkin Hüseynov "Müharibənin dumanı" adlanan fotosilsiləsi ilə cəbhə bölgələrində yaşayan insanların portretlərini təqdim edir.

Erkin Ələkbərlinin "Xarı bülbül" əsəri Qarabağın simvolu sayılan gül vasitəsilə çatdırılan, sökülmüş şəhər, qırılmış həyatlar və sınmış arzuların alleqorik təcəssümüdür.

Zamir Süleymanovun "Günah kimdədir?" instalyasiyası Qarabağ münaqişəsinin kimin günahkar olmasından və ümumiyyətlə Azərbaycanın regionda tutduğu geosiyasi mövqeyindən söhbət açır.

azertag.az