“Nar bağı” bədii filmi Asiya Dünya Film Festivalında
10.10.2017

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Asiya Dünya Film Festivalında nümayiş olunacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festival oktyabrın 25 dən - noyabrın 2-dək ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.

Müsabiqədə yer alan Asiya qitəsindən olan 20 filmdən “Nar bağı” daxil olmaqla 12-si Amerika Kino Akademiyasının “Xarici dildə ən yaxşı film” nominasiyası (Oskar mükafatı) uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, Asiya Dünya Film Festivalı qitə kinosunun cari il ərzində seçilmiş ekran əsərlərinin Hollivudda tanınması, Asiya ölkələri və ABŞ kino sənayeləri və kinematoqrafçıları arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.

Qeyd edək ki, “Nar bağı”nın dünya premyerası “Karlovy Vary” Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib. Film, həmçinin 11-ci “Asia Pacific Screen Awards” mükafatına namizədlərin siyahısında yer alıb.

azertag.az