Dekabr ayında Azərbaycanda havanın orta aylıq temperaturunun müsbət və kiçik mənfi fərqlə iqlim normasına əsasən yaxın olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, ayın əvvəlində havanın temperaturunun normadan 3 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısında ayrı-ayrı günlərdə temperaturun normadan bir qədər aşağı enəcəyi gözlənilir. Respublika üzrə yağıntılar qeyri-bərabər paylanacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər az olacağı ehtimal olunur.
Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr 2-7 dərəcə isti olacağı, ayın ikinci yarısının bəzi günlərində temperaturun 0 dərəcəyə enəcəyi, gündüzlər 8-13, ayın əvvəlində 15-18, ayın ikinci yarısının bəzi günlərində isə 4-7 dərəcə isti təşkil edəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-34 mm) olacağı ehtimal olunur.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 4-9 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 7-12, ayın əvvəlində 14-16, ayın ikinci yarısında bəzi günlərdə 1-6 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 14-35 mm), bəzi yerlərdə bir qədər çox olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 6-11 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 4-9 dərəcə isti olacağı, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində 0-4 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 27-53 mm) olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 3-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir. Gecələr 1-5 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti olacağı, ayın əvvəlində temperaturun 16 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 13-16 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 4-9 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 4-9 dərəcə isti təşkil edəcəyi, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-48 mm) olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 5-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 2-6 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 0-3 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13, ayın əvvəlində 14-17, ayın ikinci yarısının bəzi günlərində 3-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 16-32 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 3-8 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr 2-7 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində dağlıq ərazilərdə 1-5 dərəcə şaxta təşkil edəcəyi, gündüzlər 8-13, ayın əvvəlində 14-18, ayın ikinci yarısının bəzi günlərində 2-7 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 58-106 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
APA