Azərbaycanın görkəmli kinorejissoru, Xalq Artisti, “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət, televiziya və kino üzrə müşaviri təyin olunub.
Bu barədə oktyabrın 11-də Bakıda keçirilən tədbirdə bildirilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin, Çin və Ukraynanın Bakıdakı səfirliklərinin rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.
Xatırladaq ki, Ukrayna KİV İşçiləri Assosiasiyası Bolqarıstan, Belarus, Qazaxıstan, Moldova, Polşa və digər ölkələrdən olan həmkarlarının təkliflərini nəzərə alaraq, Vaqif Mustafayevin beynəlxalq əməkdaşlığın inkişafında, kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətləri yüksək qiymətləndirib.
Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri Assosiasiyasının sədri Viktor Petrenkonun və digər ölkələrdən olan nümayəndələrin iştirakı ilə “Soqlasiya” qızıl ordeni Vaqif Mustafayevə təqdim olunub.
Eyni zamanda, Vaqif Mustafayev Azərbaycanla Çin arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük töhfələrə görə Çinin Xeyluntszyan Teleradio Şirkətinin fəxri fərmanı ilə təltif edilib.
Qeyd edək ki, Avrasiya Televiziya və Radio Akademiyasının xətti, Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejissoru və ssenari müəllifi olacağı “Kambey” filminin çəkilişi razılaşdırılıb.
Vaqif Mustafayev, eyni zamanda, Çin-Azərbaycan əlaqələrindəki xidmətlərinə görə də mükafatlandırılıb. O, həmçinin Honkonq televiziyasının mədəniyyət və kino üzrə müşaviri təyin edilib.
Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin inkişafına verdiyi müstəsna xidmətlərinə görə Beynəlxalq Ali Qızıl Orden təqdim edilib.
Tədbirdə çıxış edən Vaqif Mustafayev toplantı iştirakçılarına təşəkkür edərək deyib: “Mənə verilən bütün mükafatları vətəndaş olaraq qəbul edirəm. Öncə bu ölkənin vətəndaşıyam. Prezidentimiz İlham Əliyevə Azərbaycanı bütün dünyada tanıtdığı üçün minnətdarlığımı bildirirəm. Bizi elə buna görə də tanıyırlar”.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, Vaqif Mustafayev tələbəlik illərindən indiyədək Azərbaycan kinosunun inkişafına böyük əmək sərf edib. Onun “Yaramaz”, “Fransız”, “Nakəs” və digər filmləri, “Mozalan” üçün çəkdiyi süjetlər mədəniyyətimiz üçün böyük töhfədir. Yaxın zamanlarda onun çəkdiyi daha bir filmin tamaşaçısı olacağıq. Çin, Rusiya və Azərbaycanın müştərək istehsalı olan yeni layihəsi də böyük maraq doğuracaq.
Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin bildirib ki, Vaqif Mustafayevin çəkəcəyi filmi səbirsizliklə gözləyir.
Tədbirə qatılan Çin nümayəndəsi Vaqif Mustafayevin filmlərini izlədiyini söyləyib. Bildirib ki, Çin tamaşaçıları da Vaqif Mustafayevi daha yaxından tanıya biləcəklər. O deyib ki, İpək Yolu yalnız hansısa ölkənin ərazisindən keçməklə yaranmır, həm də bu yol qəlblərdən keçir.
Sonda çinli rejissorun “Moskvanın divarları” adlı filmi nümayiş olunub.
azertag.az