“Yaponiyada Azərbaycan rallisi” adlı tədbir yapon iş adamları tərəfindən böyük maraqla qarşılanıb
12.10.2017

Oktyabrın sonlarında Bakıda təşkil ediləcək “Yapon məhsulları sərgisi” ilə əlaqədar Tokionun “Travel Hub Mix” mərkəzində keçirilən “Yaponiyada Azərbaycan rallisi” adlı tədbir yapon iş adamları tərəfindən böyük maraqla qarşılanıb.

150-dən çox iş adamının qatıldığı tədbirdə Yaponiyanın nüfuzlu JETRO, JATA, JGS şirkətlərinin rəhbərləri, Azərbaycan diasporasının fəalları, media nümayəndələri iştirak ediblər. Mərkəzdə quraşdırılan monitorlarda tədbir iştirakçılarına Azərbaycan haqqında geniş məlumatların əks olunduğu videogörüntülər təqdim edilib.

Sonra Yaponiya xarici işlər nazirinin müavini Manabu Horinin tədbir iştirakçılarına təbrik teleqramı oxunub. Teleqramda bu ayın əvvələrində Bakıya səfərini böyük məmnunluq hissi ilə xatırladan nazir müavini “Yeni əsrin müqaviləsin”in imzalanmasının tarixi əhəmiyyətini yüksək qiymətləndirərək, Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayıb. Bakıda keçiriləcək sərginin Yaponiya hökuməti tərəfindən alqışlandığını qeyd edən nazir müavini iştirakçılara uğurlar arzulayaraq, onun Yaponiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin inkişafına mühüm töhfələr verəcəyinə əmin olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Yaponiyadakı səfirliyinin müşaviri Fərid Talıbov ötən ay iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini xatırladıb. Vurğulayıb ki, bu münasibətlə Prezident İlham Əliyevlə Baş nazir Şinzo Abe arasında qarşılıqlı məktub mübadiləsi baş tutub və həmin məktublarda dost ölkələrin qarşılıqlı münasibətlərində baş verən faydalı inkişaf xüsusi məmnunluqla vurğulanıb.

Azərbaycanlı diplomat ölkəmizin tarixi, Şərqdə ilk demokratik dəyərlər yaradan Azərbaycan Xalq Cümhuriyyəti haqqında da məlumat verib. Bildirib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın əldə etdiyi böyük uğurlar bu gün bütün dünyanın diqqət mərkəzindədir. Qeyd edib ki, Azərbaycanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından ölkə rəhbərliyinin bacarıqla istifadə etməsi Azərbaycanı bütün dünyada etibarlı tərəfdaş kimi tanıtmaqla yanaşı, həm də xalqımızın rifahının yaxşılaşmasına xidmət edib. Sürətlə inkişaf edən, günbəgün abadlaşan, gözəlləşən Azərbaycan dünyanın müxtəlif yerlərindən gələn çoxsaylı turistlərin sevimli istirahət və əyləncə mərkəzinə çevrilməkdədir.

F.Talıbov bildirib ki, Azərbaycan ilə Yaponiya arasında münasibətlərin sürətli inkişafı iki dost ölkənin xalqlarını bir-birinə daha da yaxınlaşdırıb. İki ölkənin regionları arasında qardaşlaşma müqavilələrinin imzalanması, müxtəlif sahələri əhatə edən şirkətlər arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq əlaqələrinin qurulması bunun birbaşa təsdiqidir. Azərbaycanda xarici iş adamları üçün əlverişli şəraitin yaradıldığını bildirən diplomat yapon iş adamlarını Azərbaycana səfərə dəvət edib. Vurğulayıb ki, çoxsaylı yapon şirkətlərinin iştirakı ilə Bakıda keçiriləcək “Yapon məhsulları sərgisi” iki ölkənin iş adamları arasında əməkdaşlığı daha da möhkəmləndirəcək.

Yaponiya Suşi Assosiasiyalarının sədri Kenci Kinoşita bildirib ki, ölkəmizə ilk səfəri ərəfəsində müəyyən narahatlıq keçirsə də, səfər zamanı bunun üçün heç bir əsasının olmadığının şahidi olub. “Azərbaycan mənim nəzərimdə ən təhlükəsiz, sabit inkişaf edən, əsrarəngiz təbiətə, zəngin mədəniyyətə və çox ləzzətli mətbəxə malik olan heyrətamiz bir ölkədir”, - deyən K.Kinoşita yapon iş adamlarını bu gözəl ölkəni ziyarətə dəvət edib.

Bakıda keçiriləcək sərginin işçi qrupunun rəhbəri Kazuyası İşida tədbirdə çıxış edərək, özəllikləri ilə onu heyran edən Azərbaycana sevgisindən, yerli sakinlərin böyük qonaqpərvərliyindən, qarşıdakı sərginin əhəmiyyətindən danışıb. Müstəqilliyin bərpasının ilk illərində ölkəmizin qarşılaşdığı çətinliklərə toxunan K.İşida məhz ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün beynəlxalq tədbirlərin, dünya miqyaslı idman və musiqi yarışlarının keçirildiyi mərkəzə çevrilib.

K.İşida əmin olduğunu bildirib ki, Bakıda keçiriləcək sərgi iki ölkə arasında qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinə, enerji sahəsi ilə yanaşı, digər sahələrdə də qarşılıqlı sərmayələrin qoyulmasına öz töhfələrini verəcək.

Sonda Yaponiya tərəfdən sərgi təşkilatçılarını tədbir iştirakçılarına təqdim edən K.İşida onlara minnətdarlığını bildirib. O əmin olduğunu bildirib ki, Azərbaycan mətbuatının bu tədbirə göstərdiyi böyük maraq, xüsusən də yeganə dövlət informasiya agentliyi olan AZƏRTAC-ın tədbirə informasiya dəstəyi verməsi onun böyük maraqla qarşılanacağını deməyə ciddi əsas verir.

Tədbirin videogörüntüləri “Travel Hub Mix” mərkəzi tərəfindən sosial şəbəkələrdə birbaşa yayımlanıb.

azertag.az