Londonun ən yeni və gözəl konsert salonlarından biri olan “Cadogan Hall”da London Kral Filarmonik Orkestrinin ifasında Azərbaycan musiqisindən ibarət konsert verilmişdir.
“Buta” İncəsənət Mərkəzindən AzərTAc-a bildirmişlər ki, gecədə Azərbaycan Respublikasının Xalq Artisti Yalçın Adıgözəlov orkestrə dirijorluq etmişdir.
Konsert Azərbaycan Beynəlxalq Bankının 20 illiyinə həsr edilmiş “Xəzər dəhlizi” (“Caspian Corridor”) konfransı çərçivəsində “Buta” İncəsənət Mərkəzi tərəfindən təşkil olunmuşdur.
Tamaşaçıların bir qismi Azərbaycan musiqisi ilə yaxşı tanış olanlar, digərləri isə əvvəllər bu musiqini heç vaxt eşitməyib, indi isə onu dinləmək və özləri üçün nə isə yeni bir şey kəşf etmək intizarı ilə gələnlər olmuşlar.
Proqramı tərtib edərkən konsertin təşkilatçıları dirijor Yalçın Adıgözəlovla birlikdə tamaşaçını muğamdan tutmuş valsa qədər Azərbaycan musiqisinin ecazkar rəngarəngliyi ilə tanış etməyi qarşıya məqsəd qoymuşlar.
Konsert Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlamışdır. Əsər bütün tamaşaçıları Azərbaycan tarixi haqqında xəyala dalmağa vadar etmişdir.
Sonra Soltan Hacıbəyovun “Karvan”, Qara Qarayevin “Yeddi gözəl” baletindən musiqi parçaları səslənmişdir.
Konsertdə, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Azər Rzazadənin ifasında Üzeyir Hacıbəylinin “Sevgili canan”, Niyazinin “Vətən haqqında mahnı”sı və Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyası səslənmişdir.
Tamaşaçılar Azərbaycan milli musiqi alətlərində ifa olunan əsərləri dinləmək imkanını da qazanmışlar. Toğrul Əsədullayevin ifasında Hacı Xanməmmədovun “Kamança üçün konsert”inin 2-ci hissəsi, tarzən Sahib Paşazadənin virtuoz ifasında Vasif Adıgözəlovun “Qərənfil” əsəri səsləndirilmişdir.
Konsertin sonunda səslənən Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası bütün tamaşaçıları ayağa qalxmağa məcbur etmişdir. Dirijor tərəfindən ustalıqla idarə olunan orkestr səslənməsi, səhnədə milli alətlərin – tar və kamançanın olması, eləcə də xanəndə Bakir Niftəliyevin gözəl və həlim ifası alqışlarla qarşılanmışdır.
“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev demişdir ki, üç il əvvəl mərkəz ilk dəfə “Cadogan Hall”da Azərbaycan musiqisini təqdim etmişdir. O zamandan etibarən, bu zalda tez-tez Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlər keçirilir. Belə tədbirlər Londonu “Buta” İncəsənət Mərkəzi üçün mühüm bir şəhər edir. Burada artıq iyirmidən çox tədbir təşkil edilmişdir.
N.Piriyev London sakinlərinin bundan sonra da Azərbaycan mədəniyyətinin xəzinələri ilə tanışlığının davam edəcəyinə ümidini ifadə etmişdir.
AzərTAc