Rusiyanın mədəniyyət naziri Vladimir Medinski görkəmli Azərbaycan və Rusiya rəssamı, SSRİ, Rusiya və Azərbaycan Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovu ad günü münasibətilə təbrik etmişdir.
RF Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbrik məktubunda rəssamın çoxillik fəaliyyətinə və mədəni əməkdaşlıq sahəsində sanballı xidmətlərinə yüksək qiymət verilmişdir.
RF mədəniyyət nazirinin məktubunda deyilir: “Siz böyük rəssamsınız və bu bənzərsiz istedad nadir təşkilatçılıq qabiliyyəti və pedaqoq məharəti ilə ahəngdar şəkildə birləşir. Sizin işləriniz dünyanın aparıcı muzeylərini bəzəyir, Tahir Salahov üslubu incəsənət tarixi dərsliklərinə daxil olmuşdur.
Sənətin sirlərini Sizdən öyrənmiş şagirdləriniz indi özlərinin məxsusi, orijinal yaradıcılıq yolu ilə inkişaf edirlər. Siz SSRİ Rəssamlar İttifaqına rəhbərlik etdiyiniz bütün illər ərzində də yaradıcılıq azadlığına bu cür qayğıkeş münasibət göstərirdiniz. Çox cəhətdən məhz Sizin sayənizdə beynəlxalq mədəni əməkdaşlıq inkişaf edir, Moskvada xarici ölkə müəlliflərinin sərgiləri keçirilirdi. Biz indi başa düşürük ki, məhz həmin layihələr Rusiya incəsənətinin dünya art-prosesinə inteqrasiya etməsinə imkan verir.
Hörmətli Tahir Teymur oğlu, çox sağ olun ki, siz Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti vəzifəsində bu fəaliyyəti davam etdirirsiniz”.
AzərTAc